Naxçıvanda ön xətdə döyüş növbətçiliyi aparılır

Naxçıvanda ön xətdə döyüş növbətçiliyi aparılır
  01 Oktyabr 2020    Oxunub:2202
Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qarantı olan Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.
Azvision.az-ın məlumatına görə, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, ordumuzun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Burada bir daha şahidi olursan ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar və buna qadirdirlər.

Şəxsi heyətlə söhbət zamanı əsgər Kənan Məmmədov deyib: “Mən və əsgər yoldaşlarım keçirilən məşğələlərdə hərbi anda sadiq peşəkar bir əsgər kimi yetişmişik. Gələcək döyüşlərdə meydandan qaçacaq yeganə əsgər düşmən əsgəri olacaq”.

Zabit Xanbaba Qurbanlı əsgərlərimizin yüksək döyüş əhval-ruhiyyəsində olduğunu bildirib: “Mövqelərdə aparılan döyüş növbətçiliyi hər zaman ayıq-sayıq təşkil olunur. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bu isə verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə imkan verir”.

Zabit Ceyhun Məmişov Azərbaycan Ordusunun son günlərdə həyata keçirdiyi əks-hücum əməliyyatının şəxsi heyəti daha da ruhlandırdığını və bu əks-hücum əməliyyatının böyük Qələbə ilə nəticələnəcəyinə inandıqlarını vurğulayıb.

Göründüyü kimi, Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində uğurlu döyüş növbətçiliyi aparılır və qədim diyarımız Naxçıvan etibarlı müdafiə olunur. Təbii ki, bütün bunlara böyük ruh yüksəkliyi və Vətən eşqi ilə aparılan məqsədyönlü tədbirlər nəticəsində nail olunub.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti