İcmalar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

İcmalar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
  30 Sentyabr 2020    Oxunub:2452
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan icmaların rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Indian Assossieyşn Azərbaycan” İctimai Birliyinin, Azərbaycanın Gürcü İcmasının, Azərbaycanın Ukrayna Konqresinin, Azərbaycanın Rus İcmasının, “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyinin, Pakistan diasporunun, Azərbaycanda yaşayan Axısqa türklərinin, Dünya Axısqa Türkləri Birliyinin, Alman-Azərbaycan Cəmiyyətinin, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi Humanitar Təşkilatının, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Azvision.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri Fuad Muradov Azərbaycanın sülhsevər, tolerant və multikultural dəyərlərə malik ölkə olduğunu, müxtəlif millətlərə mənsub insanların burada rahat və firavan yaşadığını qeyd edib. O, Ermənistanın cəbhəboyu zonada törətdiyi təxribatdan danışıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında diasporumuzla bərabər, yerli icmaların da xüsusi rolunun olduğunu diqqətə çatdırıb. Mülki əhalinin, azyaşlıların qəsdən hədəfə alınmasının, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasının düzgün olmadığını bildirib.

“Indian Assossieyşn Azərbaycan” İctimai Birliyinin həmtəsisçisi Ronald DʼMello çıxış edərək qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatlarına dair həqiqətlər tam dolğunluğu ilə ifadə olunub. “Biz bu həqiqətləri həm dünya ictimaiyyətinə, həm də yaşadığımız ölkənin insanlarına çatdırırıq. Mən 25 ildir ki, Azərbaycanda yaşayıram, bu ölkənin insanlarını sevirəm və Qarabağla bağlı əsl həqiqətləri bilirəm. Bu həqiqətləri yaymağı özümə borc bilirəm”, - deyə o qeyd edib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze və digər çıxış edənlər Qarabağla bağlı səhih məlumatların yayılmasında yaxından iştirak edəcəklərini bildiriblər.

Müzakirənin sonunda icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalayıblar.

Bəyanatda beynəlxalq təşkilatları təxribatlara son qoyulması və Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunması üçün Ermənistana təsir göstərməyə, təcavüzkar ölkə hökumətinin beynəlxalq hüquq və normalara hörmətlə yanaşmasını təmin etməyə çağırıblar.

Azvision.az


Teqlər: Diaspora  





Xəbər lenti