“Səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir” - Prezidentin köməkçisi

  “Səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir” -    Prezidentin köməkçisi
  27 Sentyabr 2020    Oxunub:2091
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib.
Azvision.az xəbər verir ki, bunu sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayan Hikmət Hacıyev deyib:

“Dövlətimizin başçısı müraciətində Ermənistanın təxribatının mahiyyətini xalqa çatdırıb. Prezident BMT kürsüsündən dünya ictimaiyyətinə Ermənistanın törətməyə hazırlaşdığı təxribat barədə məlumat verib. Ali Baş Komandan bir müddət əvvəl KİV-ə müsahibəsində də bu barədə ətraflı məlumat verib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dövlətimizin başçısı xalqa müraciətində Ermənistanın davranışının mahiyyətində faşizm xisləti durduğunu bir daha bildirib. H.Hacıyev deyib: “Biz bunun nəticələrini bu gün səhər saat 06:00 radələrində gördük. Ermənistan silahlı bölmələri mülki əhalini, kəndləri atəşə tutdular, mülki əhalini bir daha hədəfə aldılar. Azərbaycanın mülki əhalisi arasında xəsarət alanlar var. Prokurorluq bu darədə araşdırma aparır, dəymiş zərər qiymətləndirilir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirir:

“Bu əməliyyatların təfərruatı barədə ola bilər ki, hərbi sirr olduğu üçün indi tam təfsilatı ilə məlumat verilmir. Amma Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu da torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir. Düşməni də qorxudan budur. Beynəlxalq ictimaiyyətə də Ermənistanın təxribatları barədə məlumat verildi”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Prezidentin-köməkçisi  





Xəbər lenti