Tsarukyan siyasi məhbus elan edildi

  26 Sentyabr 2020    Oxunub : 1522
Tsarukyan siyasi məhbus elan edildi
Qaqik Tsarukyanın həbsi açıq siyasi intiqamdır və o, siyasi məhbusdur.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyası Siyasi Şurasının yaydığı bəyanatında deyilir.

Qeyd edilir ki, dünən hakim Mnatsakan Martirosyanın sədrliyi ilə keçirilən məhkəmə "Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanı qanunsuz olaraq həbs edib.

Eyni zamanda, məhkəmə onun ittiham irəli sürüldükdən dörd ay sonra ibtidai istintaqa necə mane olduğu barədə heç bir əsaslı fakt təqdim etməyib.

"Baş verənlər, şübhəsiz ki, ən böyük parlament müxalifət qüvvəsi və partiyanın liderinə qarşı siyasi intiqamdır. Tsarukyanın indi siyasi məhbus olduğu göz qabağındadır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət inqilabdan iki il yarım sonra bütün sahələrdə aşkar şəkildə fiaskoya uğrayıb və siyasi vendettanın köməyi ilə müxalifəti susdurmağa çalışır”.

Partiyanın bəyanatında Tsarukyanın həbs əmrinin hakimiyyətdən verildiyi vurğulanıb.

Qeyd edilib ki, bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Səriştəsiz hakimiyyət, ölkəni sosial fəlakətə sürükləyib. “Çiçəklənən Ermənistan” həmfikir siyasi qüvvələrlə birlikdə mübarizəsini davam etdirəcək.

"Heç kim bizi qorxuda və susdura bilməyəcək, bizim mütləq yeni keyfiyyətə sahib hakimiyyətimiz olacaq. Tsarukyana qarşı bu, utancverici və ucuz qisasın bütün iştirakçıları qanunla cəzalarını alacaqlar. Bu, çox qısa bir müddətin məsələsidir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Müxalifət