Nurupaşa Abdullayev və İlqar Əliyev ev dustaqlığına buraxıldı

 Nurupaşa Abdullayev və İlqar Əliyev ev dustaqlığına buraxıldı
  26 Sentyabr 2020    Oxunub:3575
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin sabiq rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.
Azvision.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmənin qərarı ilə Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb.

Bundan əlavə, XİN-in Konsulluq İdarəsinin keçmiş əməkdaşı İlqar Əliyevin də ev dustaqlığına buraxılmasına qərar verilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: DTX   XİN   Məhkəmə  





Xəbər lenti