Hindistan-Çin sərhəd problemi: Tərəflər nəyə razılaşdılar?

  25 Sentyabr 2020    Oxunub : 2153
Hindistan-Çin sərhəd problemi:  Tərəflər nəyə razılaşdılar?
Hindistan-Çin sərhəd probleminin həll olunması məqsədilə iki ölkənin Baş komandirlərinin 6-ci görüşü keçirilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu görüş Hindistan və Çinin Müdafiə nazirlərinin 4 sentyabrda Moskvada və iki ölkənin Xarici İşlər nazirlərinin 10 sentyabrda baş tutan danışıqları fonunda keçirilib.

Hər iki ölkənin XİN rəhbərləri tərəflərin dialoqu davam etdirmələri və bütün toqquşma sahələrində sürətli və hərtərəfli şəkildə geri çəkilmələri barədə razılığa gəlib.

Qeyd edək ki, Baş komandirlər təxminən 50 gün sonra bir araya gəliblər.

Görüşdən sonra tərəflər ilk dəfə olaraq ortaq mətbuat buraxılışı yayımlayıb. Buraxılış hər iki tərəfin faktiki nəzarət xətti boyunca geriçəkilmə öhdəliyini əks etdirir. Geriçəkilmə hər iki tərəfin faktiki nəzarət xəttinin müvafiq tərəflərindəki daimi postlarına doğru qoşunların geri çəkilməsini zəruri edən mürəkkəb prosesdir. Bunun üçün qarşılıqlı razılaşdırılmış tədbirlər tələb olunur. Hər iki tərəf bütün toqquşma sahələrindən tamamilə geri çəkilmək istiqamətində çalışsa da, eyni zamanda sabitliyi təmin etmək də zəruridir. Komandirlərin son görüşü ümumilikdə bu kontekstdə dəyərləndirilməlidir.

Məlumata görə, altıncı görüş Baş komandirlərə faktiki nəzarət xətti ətrafında vəziyyəti sabitləşdirmək istiqamətində səmimi və dərin fikir mübadiləsi aparmaq imkanı yaradıb.

Tərəflər, həmçinin hər hansı fikir ayrılığı və yanlış mühakiməyə yol verməmək, cəbhə bölgəsinə daha çox qüvvə göndərməyi dayandırmaq, vəziyyəti birtərəfli dəyişdirməkdən çəkinmək və problemi mürəkkəbləşdirə biləcək hərəkətlərdən yayınmaq məqsədilə faktiki rabitəni gücləndirmək barədə qərara gəlib.

Tərəflərin bütün toqquşma sahələrindən tamamilə geri çəkilmək və sərhəd bölgələrində sülh və əmin-amanlığın tam bərpasına nail olmaq istiqamətində müzakirələrini davam etdirdiyi zaman atılacaq addım, status-kvonu birtərəfli şəkildə dəyişdirmək cəhdlərindən yayınmaqdır.

Bununla əlaqədar olaraq hər iki tərəf, Baş komandirlərin növbəti görüşün ən qısa zamanda keçirilməsinə qərar verib. Buna paralel olaraq Hindistan-Çin Sərhəd Problemi üzrə Məşvərət və Koordinasiya İşçi Mexanizminin növbəti iclasının da tezliklə baş tutacağı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin   Hindistan