“Ordumuzun döyüş qabiliyyəti birə-beş artıb”

   “Ordumuzun döyüş qabiliyyəti birə-beş artıb”
  25 Sentyabr 2020    Oxunub:5163
“Ordumuzun döyüş qabiliyyətinə, döyüş hazırlığına yaxından bələd olan biri kimi deyirəm ki, bizim Silahlı Qüvvələrimizin hazırkı potensialı çox yüksək səviyyədədir. Yəni belə bir qənaətə gəlməyimə ciddi əsaslarım var. Şəxsən yaxından müşahidə edib, gözümlə gördüyüm tutarlı faktlara və reallığı əks etdirən müəyyən məlumatlara istinad edib əminliklə deyirəm ki, Azərbaycan ordusunun bugünkü döyüş qabiliyyəti əvvəlki illərlə müqayisədə birə-beş artıb”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı,Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, ordumuzun yalnız peşəkarcasına döyüşlərə hazır vəziyyətə gətirilməsi deyil, hərbçilərimizin qələbə əzmi, döyüş və vətənpərvərlik ruhu, mübarizliyi də yüksək səviyyədədir: “Bu isə çox şeydən xəbər verir. Çünki hər bir ölkə orduya malik ola, istənilən dövlət öz müdafiəsini təşkil edən silahlı qüvvələr saxlaya bilər. Amma hər ölkənin ordusunda vətənpərvərlik, mübarizlik ruhu yüksək səviyyədə ola bilmir. Sənin əsgərin bilməlidir ki, onun çıxacağı döyüş yolu nə üçündür. Bizdə təbii ki, öz tarixi torpaqlarımızın işğaldan azad olunması hədəf olduğu üçün ordumuzda döyüş əzmi, vətənpərvərlik ruhu xeyli səviyyədə yüksək görünür”.



Elman Məmmədov qeyd edib ki, hazırda sosial şəbəkələrdən tutmuş ümumən mətbuat və hər yerdə cəmiyyətimizin orduya, dövlətimizə dəstək nümayiş etdirməsi mühüm amil sayılmalıdır. O təəssüf hissi ilə bildirib ki, bu cür ictimai və sosial mənzərənin fonunda bəzi siyasi qüvvələr və ya maraqlı dairələr həssas dönəmdən istifadə edərək dövriyyəyə gərəksiz məlumatlar, əsası olmayan xəbərlər buraxırlar. Xüsusən müxalifətin bu işdə fəal görünməsi daha çox müşahidə edilir ki, bu da onların xalq-dövlət birliyindən qıcıq olmalarından xəbər verir:

“Bu cür dezinformasiyaların və müzakirələrə çıxarılan hərbiyə, orduya aid yersiz, qıcıq yaradacaq mövzuların ortaya atılması təsadüfi sayılmır. Xüsusən də bugünkü çox gərgin və həssas bir dönəmdə bunun edilməsi təəssüf hissi doğurur. Ümumiyyətlə, bir məsələni qeyd edim ki, hərbi səfərbərlik müvafiq qanunlar çərçivəsində aparılır. Bu proseslər kiminsə arzu və ya istəyinə uyğun qurulmur. Sabah rəsmən hərbi səfərbərlik elan edilərsə, burada seçim olmayacaq ki, bu siyahıdakı filankəsin övladıdır, o biri isə bəhmənkəsin oğlu. Bunlar çox ciddi proseslə və sosial mediada müzakirə mövzusu olmayacaq məsələlərdir. Heç bir sosial və ya cəmiyyətdə tutulan mövqe bu işdə nəzərə alınmayacaq. İstər məmur, istərsə də digərlərinin ordu sıralarına çağırılan övladı öz borcundan çıxmalıdır, çıxır da. Ortada hərbi səfərbərlik haqqında qanun var. Hər şey ona uyğun nizamlanacaq. Məsələn, bu dəfə elan olunan hərbi səfərbərliyə filan yönümlü və ya ixtisaslı, müəyyən vacib sahələrdə xidmət etmiş ehtiyatda olan hərbçilərimiz cəlb ediləcək. Gələn dəfə başqaları bu işlərə cəlb ediləcək. Yəni növbəli olaraq hərbi mükəlləfiyyətlilər, ehtiyatda olan hərbçilərimiz özünün hərbi qabiliyyət və ya bacarıqlarını təkmilləşdirmək üçün yeni texnologiyalardan agah olmaq, öz hərbi biliklərini daha mükəmməl qavramaq üçün səfərbərliyə, yaxud hərbi təlimlərə cəlb olunmalıdırlar. Biz sovetlər dönəmini də yaşamışıq və hər kəs bilir ki, həmin dönəmdə də bu proseslər bu cür təşkil edilirdi”.

Millət vəkili bir daha bütün siyasi qüvvələri milli maraqlardan çıxış etməyə çağıraraq cəmiyyətdə çaşqınlıq yaradanların qınaq obyektinə çevriləcəyini söyləyib: “Bugünkü ordu sıralarına və ya təlimlərə çağırışla bağlı prosesləri şişirdib fərqli istiqamətə yönəltməyə çalışmaq çox uğursuz gedişlərdir. Bu elə bir həssas və milli məsələdir ki, ona cürbəcür rənglər qatmaq kimi anormal addımlara son qoyulmalıdır. Müdafiə Nazirliyi də, Dövlət Təhlükəsizlik Xidməti də bu və ya buna bənzər digər məsələlərlə bağlı dəfələrlə əhaliyə xüsusi müraciətlər ünvanlayıblar. Yanlış məlumatların dövriyyəyə buraxılmasından tutmuş, həqiqətlə heç cürə uzlaşmayan yazı və sosial şəbəkə paylaşımlarının cəmiyyətin müzakirəsinə çıxarılmasına qədər olan fəaliyyətlər dövlətimizin təhlükəsizliyinə, müdafiə qabiliyyətinə xələl gətirir. Əsl həqiqət bu gün bundan ibarətdir ki, Azərbaycanda növbəti hərbi hazırlıq işləri gedir, ordu sıralarına çağırılanlar, hərbi təlimlərə cəlb edilənlər müzakirə mövzusu olmamalıdırlar. Bura hansı kontingent cəlb olunursa, hər kəsin gözü önündə baş verir, insanlar mərhələli şəkildə hərb işlərinə cəlb olunurlar. Yəni bildiyimiz təlimlər başlanılıb ki, bura cəlb edilənlərə müəyyən hərbi dərslər keçirilir. Vaxtı gələndə həmin şəxslər yenidən evlərinə buraxılacaqlar. Qısası, bu sadə hərbi proseslərə ləkə atmağın, qara rəng verməyin heç bir mənası yoxdur. Bu cür paylaşım və ya yersiz informasiyaların sosial mediaya ötürülməsi qərəzdən başqa bir şey deyil. Sadəcə olaraq maraqlı qüvvələr var ki, hər dəfə bu cür proseslər başladılanda müəyyən məqsədlər naminə oxşar kampaniyalar aparırlar. Biz ordu, hərblə bağlı məsələlərə dövlətçilik nöqteyi-nəzərindən yanaşmalıyıq, təhlükəsizlik, müdafiəmizin daha yüksək səviyyədə olması üçün bu cür proqramları tez-tez həyata keçirməliyik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Ordu  





Xəbər lenti