`Gördülər ki, Rusiyanın projesindən ciblərinə bir şey gəlmədi...` - MÜSAHİBƏ

`Gördülər ki, Rusiyanın projesindən ciblərinə bir şey gəlmədi...` - MÜSAHİBƏ
  29 Yanvar 2014    Oxunub:905
Müsahibimiz Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri Tufan Kərimdir.
- Azərbaycan Respublikasının Prezidentinin Davosda çıxışı barədə bəziləri belə bir fikir yürüdürlər ki, biz Avropaya inteqrasiyadan imtina edirik. Sizin bu barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Davosdakı çıxışını dünyada və regionda yaranmış siyasi vəziyyəti, həmçinin Azərbaycan dövlətinin maraqlarını optimal nəzərə alınması kimi dəyərləndirmək olar. O çıxışda mənim ən çox diqqət yetirdiyim məsələ bu idi ki, Prezident üstüörtülü şəkildə Qərbin postsovet ölkələrinə münasibətdə riyakarlığını açıb ortaya qoyurdu. Yəni, Rusiyadan nəsə qoparmaq üçün onun qonşusu olan ölkələrlə onu şantaj etmək. Kremldən nəsə qopardıqdan sonra isə, Qərb həmin post-sovet ölkəsini rus ayısı ilə baş-başa buraxır. 1993-də Azərbaycanın, 1994 və 2008-də Gürcüstanın başına bu oyun gətirildi.

Daha sonra, “assosiativ tərəfdaşlıq” isə, həqiqətən də anlaşılmayan bir məfhumdur. AB ilə “assosiativ tərəfdaşlıq” layihəsi Rusiyanın təcavüzündən və təxribatlarından sığortadırmı? Bu gün Ukraynada izlədiyimiz , Rusiya və Qərb tərəfdən qızışdırılan vətəndaş qarşıdurması buna bariz sübutdur. Qısa desək, əgər günü sabah AB-dən Azərbaycana hər hansı formada inteqrasiya təklifi olunsa və rəsmi Bakı bunu qəbul etsə, gözlənilən Rusiya təxribatlarından və hətta açıq işğaldan Avropa bizi müdafiə etmək fikrində olacaqmı?

Amma Ermənistan, Moldova, Ukrayna, Gürcüstan, Belorus kimi Azərbaycana assosiativ tərəfdaşlıq layihəsinə qoşulmaq təklifi də verilməyib. Yəni, bu gün elə bir təəssürat yaranır ki, Avropa, ümumiyyətlə, bizim ona inteqrasiyamızı qəbul etmir.

Ona görə də Prezidentimiz AB qarşısında strateji əməkdaşlıq təklifini verib. Yəni, rus–erməni işğalına qarşı AB-nin strateji dəstəyi və müdafiəsi olacaqsa, onda Azərbaycan bu cür tərəfdaşlığa hazırdır. Bunu isə Avropa Birliyi qəbul edə bilməz. Çünki, AB-nin gözündə ermənilər xristian və «ari» milləti kimi həmişə bizdən üstün tutulub, indi də bizə bu cür aşağılayıcı baxırlar. Rusiya kimi Qərb üçün də ermənilər – xristianlığın Türk-İslam dünyası içərisində forpostudur.

Məsələnin digər tərəfi də var. Erməni işğalçılarına açıq və üstüörtülü dəstək verən Qərb bizi özünə inteqrasiya etsə, ermənilər üçün sərfəli olan hansı şərtləri irəli sürə bilər? Son günlər cəbhədəki gərgin durum fonunda Avropa və ABŞ-ın rəsmi strukturlarının verdiyi bəyanatların mənasına fikir yetirək. Bu bəyanatlarda açıq və üstüörtülü şəkildə Azərbaycan təhdid edilir ki, öz torpaqlarını hərbi yolla geri qaytarmaq fikrindən əl çəkməlidir. Tutaq ki, biz AB-yə tərəfdaşlıq assosiasiyasına qoşularıqsa, Qarabağ məsələsində bizi nə gözləyə bilər? Onlar tələb edəcəklər ki, ermənilərin bütün tələbləri maksimal yerinə yetirilsin. Və faktiki, Qarabağ məsələsi de-yure olaraq ermənilərin mənafeyinə uyğun olaraq həll ediləcək. Ermənilərə sərf edilən şərtlərlə sülh təkliflərini Qərb dəfələrlə Azərbaycanın qarşısında qoyub.

- Ukraynaya gəldikdə? Sizin proqnozlarınız necədir?

- Sözün düzü, Ukraynada etnik qarşıdurmadır, amma bu barədə heç kim danışmaq istəmir. Rusiyaya inteqrasiyaya Ukraynanın rusdilli əhalisi tərəfdardır. Avropa İttifaqına isə inteqrasiya tərəfdarları – əsasən, özünüdərkinə görə ukraynalılardır. Məncə, Ukraynanın siyasətçiləri ölkənin bölünmə təhlükəsini yaxşı görürlər və müdrik olsalar, nə Qərbin, nə də Rusiyanın fitvasına getməzlər. Amma hər halda Ukraynadakı hadisələr bizim üçün də perspektiv şanslar yaradır. Belə ki, hər hansı bir həll variantında (istər Ukrayna bütövlükdə Rusiyaya, ya Avropaya inteqrasiya etsin, ya da parçalansın) Azərbaycanın Qərb və Rusiya maraqlarının fövqündə strateji əhəmiyyəti birə on artacaqdır. Bu isə Qarabağ məsələsinin bizim xeyrimizə həll edilməsi üçün az da olsa, perspektivlər yaradır. Yəni, Ukraynadan sonra gec-tez Qərb və Rusiya Azərbaycan uğrunda baş-başa gələcəklər. Onda biz şərt qoya bilərik, Qarabağda işlğalçılara qarşı antiterror, təmizləmə əməliyyatlarının aparılmasında rəsmi Bakıya kim dəstək olacaqsa, Azərbaycan Respublikası da o vektorda inteqrasiya edə bilər.

- Son zamanlar Sizin rəhbərlik etdiyiniz partiyadan ayrılanlar arasında qarşıdurma izlənilməkdədir. Digər tərəfdən nə baş verir?

- Müxtəlif siyasi qruplarda hansı prosesin getdiyini izləsək də, onun bizim üçün elə də bir əhəmiyyəti yoxdur. Son qurultayında partiyanın Bozqurd simvolikasını təsbit olunması və Nizamnaməyə dəyişikliklər haqqında məlumatla müvafiq dövlət strukturlarına müraciət etmişik. Amma bu, o demək deyil ki, Bozqurdçuluq, millətçilik ideyası, Bozqurd simgəsi və işarəsi üzərində biz monopoliyaya malikik. Bozqurd simgəli medalı hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti başçıları tərtib etmişlər, 90-cı illərin əvvəllərində qaqauzlar Bozqurd işarəsini ilk dəfə Türk dünyasında yaydılar. Beləliklə bu ideya, bu simgə, bu işarə azaddır, ortaq dəyərdir.

Əksinə, biz çox şad olarıq ki, Azərbaycanda millətçi qrupların sayı daha çox olsun. Sadəcə bizim digərlərindən fərqimiz odur ki, millətçi olaraq biz Azərbaycanın MDB-dən çıxmasının tərəfdarıyıq, eyni zamanda heç bir Avropa və Atlantik strukturlara da inteqrasiyanı dəstəkləmirik. Yaponiya, Cənubi Koreya nə Avropa Birliyinə, nə Rusiyaya, nə də NATO-ya inteqrasiya etmədən inkişaf etmişlər.
Həmçinin, biz rus boyunduruğunu Qərb boyunduruğu ilə əvəz etmək istəyən, Soros və Nauman fondlarından qidalanmaq üçün Türkiyədə fəaliyyət göstərən, Atatürk irsini silməyə çalışan anti-türkçü QHT-lərlə bir cərgədə duran liberal qrupcuqların ardınca sürünənlərin “millətçiliyinə”, “bozqurdçuluğuna” şübhə ilə yanaşırıq.

Biz elə ötən ilin yaz aylarında Milli Şuranın əcnəbi ölkənin projesi olması barədə mövqeyimizi bildirdik. Özünü bu gün “bozqurd”, “millətçi” kimi qələmə verən bəziləri o zaman harada idilər? Həmin o Milli Şurada. İndi isə, onlar Milli Şuranı xarici kəşfiyyata işləməkdə ittiham edirlər?! O zaman niyə tənqid etmirdilər? Belə sadəlövh idilər ki, Milli Şuranın mahiyyətini o zaman bilmirdilər? Və ya bəlkə “güclü siyasətçi” idilər ki, hansısa bir gizli missiyanı Milli Şurada həyata keçirmək istəyirdilər? Sadəcə, gördülər ki, Rusiyanın projesindən ciblərinə bir şey gəlmədi, oranı tərk etdilər. İndi də özlərini “vətənpər” kimi qələmə verib, tərk etdikləri qurumu qamçılayırlar. Bu riyakarlığın zirvəsidir! Bu adamlar üçün “millətçilik”, “bozqurdçuluq” anlayışları şəxsi merkantil maraqlarla ölçülür.

Özü də nəzərə almaq lazımdır ki, həmin Avropa yönlü liberal qrupcuqlar, bir tərəfdən özlərini “müxalifət” kimi qələmə verirlər, o biri tərəfdən Yeni Azərbaycan Partiyasının hakimiyyətdə qalması və möhkəmlənməsi üçün əllərindən gələni edirlər.

- Fikirlərinizdən elə nəticə alınır ki, avropayönlü müxalifət iqtidarla sıx işbirliyindədir?

- Əlbəttə. YAP-a lazım olan vaxtda da bir-biri ilə saçyolduya çıxıb “elektoratlarını” bir az da zəiflədir, xalqın gözü qarşısında bilərəkdən, sifarişlə “müxalifət” anlayışını diskretidasiya edirlər. Onların əlaltı mətbuatlarını oxuduqda bir-birlərinin iqtidara işləməsi haqqında faktları əyani görmək olur.

- Başçılıq etdiyiniz partiyada durum necədir?

- Bəri başdan deyim ki, maddi sıxıntı üzündən sözsüz ki, partiyanın fəalliyyəti arzuladığım səviyyədə deyil. Qərargahla bağlı problemimiz də var. Lakin buna baxmaraq, təşkilatlanma və strukturlaşma işini aparırıq.


Teqlər:  





Xəbər lenti