“Putinə dedim ki, belə hallara imkan vermərik” - Casus qalmaqalı

 “Putinə dedim ki, belə hallara imkan vermərik” -  Casus qalmaqalı
  24 Sentyabr 2020    Oxunub:2619
Prokurorluq və Milli Təhlükəsizlik Agentliyi Rusiya ticarət nümayəndəliyinin iki əməkdaşını casusluq fəaliyyətində ittiham etmək və ölkədən çıxarmaq üçün kifayət qədər məlumata sahibdir.
Azvision.az xəbər verir ki, bunu Bolqarıstanın Baş Naziri Boyko Borisov deyib.

"Bir neçə il əvvəl mən Rusiya Prezidenti Vladimir Putinə dedim ki, Bolqarıstanda belə halların baş verməsinə imkan vermirik", - deyə hökumət rəhbəri bildirib.

Onun sözlərinə görə, belə hallarda prokurorluq çox sərt davranır və casusluq fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəs beynəlxalq normalara uyğun məsuliyyət daşıyır.

Bolqarıstanın Baş Naziri əlavə edib ki, əgər Milli Təhlükəsizlik Agentliyi və prokurorluq bu şəkildə hərəkət edibsə, deməli, onlarda kifayət qədər məlumatlar var.

Daha əvvəl Bolqarıstan Xarici İşlər Nazirliyi iki rus diplomatı casusluq şübhəsi ilə ölkədən çıxardığını bəyan edib. Öz növbəsində, Rusiyanın Sofiyadakı səfirliyi Bolqarıstan tərəfinin iki əməkdaşın statuslarına uyğun olmayan fəaliyyətini təsdiqləyən heç bir dəlil təqdim etmədiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova isə Moskvanın cavab tədbirlərinin olacağını diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Casus   Qalmaqal   Bolqarıstan  





Xəbər lenti