"Cinema Radio" yeni mövsümə başladı

  24 Sentyabr 2020    Oxunub : 2394
"Cinema Radio" yeni mövsümə başladı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Avto FM-də yayımlanan sahiblik və istehsal hüquqları “AzerNyuMedia” Şirkətinə məxsus olan “Cinema Radio” layihəsi yeni mövsümü açıq elan edib.
Həftənin şənbə və bazar günü bir saatlıq efir seqmentində yayımlanan kino radio kanalın yeni sloqanı “Əsl kino yolda tanınar”dır. 2019-2020-ci illər mövsümündə layihənin sloqanı “Bütün yollar kinoya aparır” idi.

2019-cu ilin 20 iyul tarixində ilk dəfə efirə çıxan layihənin aparıcısı RJ Yaqutdur. Bu günə qədər layihədə 100-ə yaxın kinematoqrafçı qonaq olub, yerli və dünya kino aləmində baş verən hadisələri müqayisəli şəkildə təhlil ediblər.

Kino Radio Kanal 4 əsas rubrikadan ibarətdir. Bunlar “Özgə Cinema”, “Doğma Cinema”, “Dost Cinema” və “Fakt Cinema” rubrikalarıdır. Düzdür, layihə orijinal “Fakt Cinema” deyil, “Qazan Cinema” rubrikası ilə fəaliyyət başlamışdı. Burada kino fanatları, dinləyicilər verilişin sonunda qoyulan suala düzgün cavab taparaq, Cinema Plus Kinoteatrlar Şəbəkəsinə bilet əldə edirdilər. Lakin mövcud pandemiya şəraitində kinoteatrlar bağlı olduğu üçün, müvəqqəti olaraq “Qazan Cinema”nı “Fakt Cinema” əvəz etdi. Yeni müvəqqəti rubrikada dünya kinosundan ən maraqlı faktlar təqdim olunur. Amma bununla belə yaxın vaxtlarda “Qazan Cinema” rubrikasının bərpası gözlənirlir ki, uduşlar onlayn film platformalarına abunəlik qazanmaq əsasında müəyyən edilsin.

Cinema Radio yol və kino anlayışlarının birləşdiyi və Azərbaycan radio efir məkanında kinematoqrafiya üzrə formatına görə orijinal layihədir. Nəzər alaq ki, insanların gününün mühüm bir hissəsi yollarda, sükan arxasında keçir. Belə olduğu halda Cinema Radio öz maarifçilik və əyləncə funsksiyasını yerinə yetirmiş olur. Beləliklə həftənin şənbə günü günorta saat 3-də, bazar günü isə səhər saat 11-də Avto FM-i dinləyin.

Qeyd edək ki, Azvision.az “Cinema Radio”nun informasiya tərəfdaşıdır.

Teqlər: Cinema-Radio