Şagirdlər üçün maska taxmaq məcburi olsun! - TƏKLİF

  24 Sentyabr 2020    Oxunub : 2193
Şagirdlər üçün maska taxmaq məcburi olsun! -  TƏKLİF
Son 3 gündür ki, Təhsil Nazirliyi təhsil sahəsində koronavirusa yoluxanların statistik məlumatlarını paylaşır. Əslində Təhsil Nazirliyi bunu edən ilk qurumdur. Onların bunu etməkdə məqsədi heç də təhsil alan şagirdləri, onların valideynlərini təşvişdə saxlamaq deyil. Əksinə, məsələnin tam şəkildə nəzarətdə saxlanılmasını göstərməkdir.
Azvision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, burada şagirdlərin məktəbdə, yoxsa məktəbə qədər yoluxması sualı ortaya çıxır.

"Axı indiyə qədər yoluxma dalğasının hətta ən pik nöqtəsində belə şagirdlərə, azyaşlı uşaqlara çox nadir hallarda rast gəlinirdi. İndi isə 8 gündür tədris ili başlayıb və 200-dən çox şagirdin və müəllimin yoxlamasını əks etdirən rəsmi rəqəmlər var. Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predmenti olmayıb və indiyə qədər azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib.

Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır. Hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, bundan sonra virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır".

K.Əsədov bildirib ki, şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi.

"Bu, bütün dünyada var. Məsələ onun geniş yayılmasının qarşısını almaqdır. Təəssüf ki, yoluxmalarda günahkar iki tərəfdir. Birincisi valideynlər, ikincisi məktəblər. Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradırlar və ara məsafəsi gözlənilmir. Məktəblər ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur, nəticədə sıxlıq yaranır.

Əlbəttə ki, yoluxma halları nəzarət çərçivəsindən çıxsa, sərt tədbirlər həyata keçirilə bilər. Amma bu tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda, virus ilə yaşamağa məcburuq. Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu yetərli deyil.

Təklif edirəm ki, məktəblərdə qoruyucusu maskalardan istifadə şagirdlər üçün də məcburi olsun. Şagirdlər əllərini hər tənəffüs zamanı yumalıdırlar və məktəblər 1 yox, bir neçə giriş və çıxışdan istifadə etməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Koronavirus