“Tofiq Yaqublunun evə buraxılması əsl humanizm nümunəsidir” - Hüquqşünas

   “Tofiq Yaqublunun evə buraxılması əsl humanizm nümunəsidir” -    Hüquqşünas
  18 Sentyabr 2020    Oxunub:4753
“Bu gün Tofiq Yaqublu ilə bağlı atılan addımı əsl humanizm prinsipi kimi qiymətləndirirəm. Tofiq bəy aclıq aksiyası keçirirdi ki, belə halda onun səhhəti və sağlamlığı ciddi təhlükə altına düşə bilərdi”.
Bunu Azvision.az -a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, həkimlər və yaxınlarının yaydıqları məlumata görə, bu cür ağırlaşan durum çox ciddi fəsadlara gətirib çıxara bilərdi. Ona görə də indiki situasiyada T.Yaqublu barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına keçirilməsi dövlətin humanist yanaşması kimi dəyərləndirilməlidir:
Tofiq Yaqublunun müraciəti əsasında cinayət işinin başlanması rədd edilib

“O, artıq öz doğmalarının yanında olacaq və düşünürəm ki, bundan sonra toparlanması daha surətlə baş verəcək. Eyni zamanda bu amili də qeyd etmək lazımdır ki, Tofiq Yaqublu ölkənin ərazi bütövlüyü uğrunda vuruşmuş qazilərdən biridir. Belə bir insana bu cür humanist yanaşmanın sərgilənməsi, vəsatətin təmin edilərək onun ev dustaqlığına buraxılması müsbət addımdır. Bu gün Azərbaycan məhkəməsi çox doğru yanaşma sərgilədi, ev dustaqlığı ilə bağlı qərar indiki hal üçün çox əhəmiyyətli məqam idi”.

Əliməmməd Nuriyev son günlər Tofiq Yaqublunun sağlamlığı ilə bağlı ciddi müzakirələrin aparıldığını xatırladıb. O qeyd edib ki, bu istiqamətdə çox böyük spekulyasiyalar davam etdirilib: “Onun aclıq aksiyası üzərindən böyük siyasət qurmağa çalışan insanlar var idi. Belə ağır vəziyyətdən siyasi məqsədlər üçün istifadə etmək, onun üzərindən şoular qurmaq arzuolunan deyildi. İnsan həyatı bütün siyasətlərdən üstündür. Vətəndaş cəmiyyətinin, elm və mədəniyyət xadimlərinin, medianın ölkə başçısına çoxsaylı müraciətləri məhkəmənin daha doğru qərarlardan birini qəbul etməsinə imkan yaratdı”.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müsavatçı Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb və hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. O ev dustaqlığına buraxılıb

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tofiq-Yaqublu  





Xəbər lenti