Həmsədrlər erməni təxribatlarına niyə göz yumur?

Həmsədrlər erməni təxribatlarına niyə göz yumur?
  17 Sentyabr 2020    Oxunub:9122
Sentyabrın 14-də ATƏT-in Minsk Qrupu həmsədrləri qəflət yuxusundan ayılaraq Parisdə məsləhətləşmələr apardılar. ATƏT-in saytında yer alan xəbərdə qeyd edilir ki, həmsədrlər bu il iyulun ortalarında Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə xüsusi diqqət yetirərək bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Onlar tərəflərin mesajlarını və narahatlıqlarını qiymətləndiriblər.
Bundan əlavə, həmsədrlər Anji Kaspşik tərəfindən döyüş mövqelərindəki vəziyyət barədə məlumat alıb və monitorinqi bərpa etmək üçün etdiyi hərəkətləri alqışlayıblar.

Minsk qrupunun yaydığı bəyanatda o da deyilir ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqlara fəal və hərtərəfli kömək etməyə davam edirlər.

Həmsədrlərin uzunmüddətli susqunluqdan sonra apardıqları “məsləhətləşmələr”də Ermənistanın son təxribatçı davranışları haqqında bir kəlmə də olsun söz açılmayıb. Nəinki erməni tərəfinə hansısa irad və etiraz bəyanatı səsləndirilib, Tovuz hadisələrindən sonra təxribatlarından qalmayan rəsmi İrəvana “gözün üstə qaşın var” deyən də olmayıb.
Həmsədrlərin "yay yuxusu" və payız "oyanışı" - KARİKATURA

Qısa bir xatırlatma edək ki, uzun illər işğal olunmuş Azərbaycan torpaqlarında vəhşicəsinə dağıdıb məhv etdikləri infrastrukturu öz maraqları naminə bərpa edən Ermənistan bu il pandemiya zamanı bir neçə yol, körpü və digər sosial obyektlərin tikintisini aparıb. Regionda müharibə riskini artıran işğalçı ölkə nədənsə beynəlxalq hüquqa zidd əməllərinə görə heç bir təpki ilə üzləşmir. Həmsədrlərin son bəyanatında da bunu görmədik.

Ermənistan beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda yalnız qeyri-qanuni şəkildə infrastrukturun qurulması, təbii sərvətlərin talan edilməsi ilə məşğul olmur, hərbi təxribatlara da əl ataraq iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmağa çalışır. Təbii ki, hərbi avantüraların davamlı olması, ən son Tovuzdakı sərhəd təxribatı Minsk Qrupunun yumşaq dildə desək, birtərəfli mövqe sərgiləməsi, dişsizliyi ilə birbaşa bağlıdır. Aylarla susub duran həmsədrlərin gözü önündə Ermənistanın aktiv şəkildə silahlandırılması diqqətdən yayınmır. Özü də bunu nizamlama proseslərindən kənar qalan bir dövlət deyil, məhz həmsədr ölkələrdən olan Rusiya edir. Təəssüf ki, Minsk Qrupu ilə bağlı paradoks yaradan hallar təkcə bununla yekunlaşmır.

Tovuz hadisələrinə görə münaqişənin düzgün və ədalətli nizamasalma formulunu tapa bilməyən Minsk Qrupundan təpki görməyən Ermənistan bundan ürəklənərək təxribatçı addımlarını genişləndirir. Həmsədrlərin susqunluğundan istifadə edən Nikol Paşinyan yeni hərbi cinayətlərdə əl ataraq Goranboy istiqamətində erməni diversantlarını işə saldı ki, bu cəhd də Tovuzda olduğu kimi uğursuzluqla nəticələndi. Ermənilərin növbəti təxribat cəhdinə yenə Minsk Qrupundan hansısa reaksiya görülmədi. Sanki heç nə olmamış kimi davranan həmsədrlərin fəaliyyətsizliyi erməni təxribatlarının alovlanmasına münbit zəmin yaradır.

Həmsədrlər “erməni köçü”nü görməzdən gəlir

Ermənistanın SOROS-un pulları hesabına hakimiyyətə gəlmiş yeni iqtidarı hərbi təxribatlar azmış kimi danışıqlar prosesinə zidd olaraq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməyə başladı.

Maraqlıdır, bir müddət əvvəl Şuşa və digər bizim üçün xüsusi əhəmiyyətə malik olan şəhərlərə Livandan olan etnik ermənilərin köçürülməsi faktı Minsk Qupunu niyə narahat etmədi? Özü də artıq əvvəlki illərdən fərqli olaraq Qarabağa köçürülən erməni ailələr və ya terrorçu qruplar haqqında filmlər çəkilir, onların köçünü lentə alıb bütün dünyaya nümayiş etdirirlər. Münaqişəli zonaya dinc əhali adı altında muzdlu döyüşçülərin köçürülməsi müharibə cinayəti sayılmırmı? Yoxsa Minsk Qrupu artıq danışıqların bitdiyini, müharibənin yekunlaşdığını düşünür. Amma “erməni köçünə” reaksiya verməyən həmsədrlər anlamalıdırlar ki, hazırda həll olunmamış münaqişə kimi tanınan Dağlıq Qarabağ ərazilərində başqa ölkələrin vətəndaşlarının məskunlaşdırılması faktları onsuz da dalana dirənən danışıqlar prosesinə sarsıdıcı zərbə vurur. "Biz hələ də varıq" deyə Parisdə görüşən həmsədrlər qanunsuz köç məsələsinə göz yummaqla aşkar şəkildə işğalçı ölkənin maraqlarına xidmət etdiyini və münaqişənin həllində həvəsli olmadıqlarını nümayiş etdirdilər.

Danışıqlar prosesinin dayanması, Ermənistanın ardı kəsilməyən təxribat cəhdləri və İrəvanın qanunsuz köçürmə siyasəti onsuz da bölgədə müharibə riskini daha da artırır. Əlbəttə, bunu həmsədrlər yaxşı anlayırlar. Bəs o zaman niyə heç nə etməyə çalışmırlar?

Paşinyanın "sülh göyərçini"

Minsk qrupunun "yay yuxusu"nda olduğunu görən Nikol Paşinyan siyasi təxribatlara “sülh göyərçini”ni cəlb etməyə başladı. İşğalçı ölkə başçısının həyat yoldaşı, hansıki özünü "sülhpərvər" kimi qələmə verən Anna Hakopyan bir anda əlində silahla Qarabağda peyda oldu. Ermənistanın "birinci xanımı"nın Azərbaycan torpaqlarında hərbi kurslarda, təlimlərdə iştirak etməsi, erməni qadınları müharibəyə hazırlaması şousunu səssizcə izləyən həmsədrlər yenə susmağa üstünlük verdilər.

Beynəlxalq hüquq və qanunları saymazdan gələn, danışıqlar prosesinin dayandırılmasında maraqlı olduğunu göstərən Ermənistan rəhbərliyinin bu kimi təxribatçı addımlarına ATƏT müstəvisində reaksiya verilməməsi ortaya ciddi suallar çıxarır: həmsədrlər nə etmək istəyir?

Minsk triosunun cavablandırmalı olduğu çoxsaylı suallar var: Son aylarda ard-arası kəsilməyən erməni təxribatlarına - Tovuzdakı insidentə, birtərəfli silahlandırmaya, “sülh göyərçininin” əli avtomatlı Qarabağda peyda olmasına və ən nəhayət “erməni köçü”nə reaksiya verməyəcəkdinizsə, nizamlayıcı və diplomat kimi başqa hansı işə yarayırsınız?

Ya format dəyişdirilsin, ya da...

Ümumiyyətlə son dönəmlərdə həmsədrlərin - Stefan Viskonti, Endryu Şofer və İqor Popovun adının mətbuatda hallanmasının, hansısa adekvat açıqlamalarının şahidi olmamışıq. Əslində Dağlıq Qarabağ kimi həssas bir bölgəyə ermənilərin qanunsuz köçürülməsi hallarının artmasına reaksiya verməyən diplomatların bundan sonra ortaya normal təklif qoymasını gözləmək sadəlövhlük olardı.

Bir daha qeyd edək ki, ermənilərin ən son təxribat xarakterli addımı olan köçürmə siyasəti danışıqların sülh yolu ilə həllinə ciddi xələl yetirmiş sayılır. Çünki Çar Rusiyası dövründən başlamış, bolşevik-sovet dövründə sürətlənmiş erməni köçünü xatırladan bu prosesin indiki halda həmsədrlərin gözü önündə rahat şəkildə davam etməsi müharibə riskini birə-beş artırır. Bunu Rusiya, Fransa və ABŞ diplomatları anlamamış olmazlar.

Təbii ki, ATƏT Minsk Qrupunun son aylar sırası genişlənən hərbi-siyasi təxribatlara qarşı sərgilədiyi biganə mövqe işğalçı ölkəni ruhlandırır, onların əl-qolunu açır. Ermənistana son davranışlarına görə təzyiqlərin edilməməsi, İrəvanın təxribatçı əməllərdən, beynəlxalq hüquqa zidd addım və müharibə cinayətlərinə göz yumulması Minsk Qrupunun formatının dəyişdirilməsi zərurətini yenidən gündəmə gətirir. İllərdir heç bir işlə məşğul olmayan, turistik səfərlər edib, ütülü bəyanatlarla kifayətlənən həmsədrlərin münaqişənin həllində maraqlı olmadığı danılmaz faktdır. O zaman "möhtəşəm üçlük" kimə lazımdır?

Tural Tağıyev
Azvision.az


Teqlər:   ATƏT   Həmsədr  





Xəbər lenti