Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 13 il keçir

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 13 il keçir
  26 Yanvar 2014    Oxunub:12851
Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir.

Heydər Əliyev


AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 13 il keçir.

Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynamışdır.

Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət etmişdir. Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1995-ci il fevralın 3-də Avropa Şurası Parlament Assambleyasının Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilmişdir.

1996-cı il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. İyulun 13-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

1997-ci il oktyabrın 10-11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini açıqlayıb.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verildi.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 saylı qətnamə qəbul edilmişdir.

Nəhayət, 2001-ci ilə yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldıldı.

2001-ci il aprelin 24-27 Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılmışdır. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altıdakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.

2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.

Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.

2004-cü il aprelin 28-29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşmüşdür. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim etmişdir.

2005-ci il mayın 16-17-də Varşavada Avropa Şurasının üzvü olan dövlət və hökumət başçılarının III Zirvə toplantısı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

2011-ci il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilmişdir. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak ediblər.

Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində AŞPA-nın Monitorinq Komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilir. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilmiş, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilmişdir.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub.

Qeyd edək ki, bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanmışdır.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə çıxışında bildirmişdir ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Avropa Şurasında bu günə qədər əldə edilən uğurlar və Azərbaycanın Avropaya inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilat ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurum ilə əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.


Teqlər:  





Xəbər lenti