Səlim Müslümov işsizlərlə bağlı tapşırıq verdi

Səlim Müslümov işsizlərlə bağlı tapşırıq verdi
  25 Yanvar 2014    Oxunub:1097
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lənkəran rayonunda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında həmin rayonun və Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı ümumilikdə 100 nəfərdən çox sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi, dövlət hesabına mənzil və minik avtomobilləri, bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, münasib işlə təmin olunma və digər məsələləri əhatə edib.

Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələ nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv şəkildə araşdırılıb.

Qəbul zamanı müraciətlərinə uyğun olaraq 3 nəfər əlil vətəndaşa əlil arabası verilib. Eyni zamanda, bir sıra vətəndaşların ailələrinin ünvanlı yardım almaq hüququnun olub-olmamasının yerindəcə araşdırılması, əlillik qrupu almaq üçün müraciət edənlərin əlillik müayinələrinə cəlb olunaraq obyektiv qərar qəbul edilməsi, iş axtaran şəxslərin qısa müddətdə məşğulluğunun təminatına müvafiq köməklik göstərilməsi, ayrı-ayrı imtiyazlı şəxslərin müraciətlərinə əsasən sanator-kurort yollayışları, həmçinin nazirliyin tabeliyindəki bərpa-müalicə müəssisələrinə göndərişlə təmin olunması və s. barədə tapşırıqlar verilib.

Mənzillə bağlı müraciət edən və mənzil növbəliliyi siyahısında olan imtiyazlı vətəndaşlara yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında növbəlilik əsasında mənzillə təmin olunacaqları, minik avtomobili almaq üçün növbədə dayanmış Qarabağ müharibəsi əlillərinə və digər əlillərə isə bu il ərzində avtomobil ala biləcəkləri bildirilib. Müraciət etdikləri məsələlərlə əlaqədar qanunvericilik barədə məlumatlı olmayan şəxslərə müvafiq hüquqi izahatlar verilib.

Müraciətlərdə digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan məsələlər aidiyyati üzrə həmin qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Teqlər:  





Xəbər lenti