“Yaponiya Azərbaycanı çox vacib tərəfdaş hesab edir” - Yeni səfir

  13 Avqust 2020    Oxunub : 2796
“Yaponiya Azərbaycanı çox vacib tərəfdaş hesab edir” -  Yeni səfir
Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vada Cüniçini salamlama nitqi ilə çıxış edib.

Azvision.az səfirliyə istinadən xəbər verir ki, diplomat bu yaxınlarda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra etməyə başladığını bildirib:
“Mən təxminən 30 il ərzində İqtisadiyyat və Sənaye Nazirliyində işləməklə, ticarət sərmayələrinin təşviqi, şirkətlərə dəstək üçün çalışmışam. Əldə etdiyim bu təcrübəni yaşatmaqla, Azərbaycan ilə geniş şəkildə mübadilələrin təşviqi üçün fürsət əldə etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm.

Yaponiya Azərbaycanı çox vacib tərəfdaş hesab edir və indiyə qədər mütəşəkkil şəkildə dostluq münasibətlərini inkişaf etdirmək üçün səy göstərib. Ölkələrimiz siyasət, eləcə də, diplomatiyada qarşılıqlı şəkildə bir-birinə etibar etməklə, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq arenalarda da əməkdaşlıq etməkdədir.

İqtisadi əməkdaşlığa gəldikdə, Yaponiya indiyə qədər Şimal qaz buxar elektrik stansiyasının tikintisi, bütün ölkə boyu 250-dən artıq məktəb, xəstəxana, su təchizatı sisteminin tikintisi və s. kimi layihələrlə Azərbaycan əhalisinin rifahına töhfə verə bilmək üçün mümkün qədər dəstək göstərib. Həmçinin, yapon şirkətləri AÇG neft yatağının işlənməsi layihəsində əməkdaşlıq edir və bundan sonra ətraf mühit, yüksək texnologiyalar və s. kimi sahələrdə də bir çox yapon şirkəti Azərbaycan şirkətləri ilə tərəfdaş olacaqdır".

Səfir Azərbaycan əhalisinin Yaponiyanı çox sevdiyi barədə fikirlər eşitdiyini əlavə edib. Onun sözlərinə görə, bir çox olimpiya idmançısı yetişdirmiş, cudo başqa olmaqla, anime, yapon mətbəxi, yapon çayı, yapon bağı, sakura və digər Yaponiyaya aid bir çox atribut burada sevinclə qarşılanır:

"Yapon dilini öyrənən tələbələrin artması da çox sevindiricidir. Bundan sonra da, səfir olaraq daha çox azərbaycanlının Yaponiyaya marağının artırılması, ölkəmizə səfər etmələri, yapon mədəniyyətini tanıtmaq, xalqlarımız arasındakı mübadilələri təşviq etmək niyyətindəyəm.

2022-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd ediləcəkdir. Bu fürsətdən istifadə edərək, siyasi, iqtisadi, mədəni sahələrdə aramızda mövcud dostluq münasibətlərimizi daha da inkişaf etdirək. Bunun üçün ölkələrimizin çoxsaylı əlaqədar şəxslərinin biliyindən istifadə edərək, qüvvələri səfərbər etmək çox vacibdir. Yaponiya səfirliyinin bunun üçün insanlar arasında bağların yaradılmasına vəsilə ola bilməsi çox böyük sevinc olardı. Səfirliyin ofisi, internet və Facebook səhifələri vasitəsilə rahatlıqla bizimlə əlaqə saxlamağınızı xahiş edirəm".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Yaponiya   Səfir