Azərbaycan İspaniyaya nota verdi

Azərbaycan İspaniyaya nota verdi
  23 Yanvar 2014    Oxunub:963
Azərbaycanın İspaniyadakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. Nazirlikdən AzVision.az-a verilən məlumata görə, rəsmi Bakı Madriddə keçirilən turizm sərgisində separatist Dağlıq Qarabağ rejiminin stendinin nümayiş etdirilməsi ilə əlaqədar İspaniyaya nota göndərib.

Notada İspaniyanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşmasının rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildiyi, lakin sərgidə Ermənistana aid sahədə “Qarabağ” stendinin quraşdırılmasının yolverilməz hal olduğu vurğulanıb.

Qeyd edək ki, yanvarın 22-də İspaniyanın paytaxtı Madriddə işə başlamış “FITUR 2014” beynəlxalq turizm sərgisində Ermənistana aid sahədə “Qarabağ” stendinin quraşdırılması bu ölkədə yaşayan həmvətənlərimizin ciddi narazılığına səbəb olub.

Sərgi təşkilatçıları ilə Azərbaycan tərəfi arasında Qarabağla bağlı heç bir stendin qoyulmayacağı barədə əvvəlcədən razılıq əldə olunmasına baxmayaraq, həmin stend ermənilər tərəfindən quraşdırılıb. Bu stendin qoyulmasına etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti