Çimərliklərdəki sıxlıq yoluxmanı artıra bilər - FOTOREPORTAJ

  09 Avqust 2020    Oxunub : 12311
  Çimərliklərdəki sıxlıq yoluxmanı artıra bilər -  FOTOREPORTAJ
Son iki gündür ki, paytaxt çimərliklərində sıxlıq müşahidə olunur.

Azvision.az xəbər verir ki, çimərliklərdən istifadə ilə bağlı yeni qaydaların müəyyən edilməsinə baxmayaraq, bəzi vətəndaşlar buna riayət etmir.
Əvvəlcədən xəbər verildiyi kimi, vətəndaşlar "cimerlik.az" portalı vasitəsilə hansı çimərliyin boş olduğunu öyrənə və tövsiyə olunan yerlərə gedə bilərlər. Lakin bir çox insanlar özləri müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Nəticədə çimərliklərdə sıxlıq yaranır və bu da koronavirus infeksiyasına yoluxma riskini artırır.



Qeyd edək ki, Bakıda çimərliklər qaydalara və kvotalara uyğun olaraq vətəndaşları qəbul edir. "Cimerlik.az" portalı vasitəsilə tənzimlənən çimərliklərdə eyni anda 100 mindən çox insanın istirahət edə bilməsi üçün lazımi şərait yaradılıb, təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, 1000 nəfər ASAN könüllüsü çimərliklərdə xidmət aparır, onlar sosial məsafənin qorunması və digər təhlükəsizlik tədbirlərinə nəzarət edirlər.



Xatırladaq ki, çimərliklərə getməzdən əvvəl “cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq, daha az insanın olduğu əraziyə üz tutmaq, çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət edilən girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək, istifadəsi zəruri sayılan əşyaları çimərliyə özünüzlə gətirmək, çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək lazımdır.



Bununla yanaşı, ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək, sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istifadə etmək, çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq vacibdir.

Qadağan olunmuş ərazilərdən istifadə etməmək, sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə dərhal nəzarətçiyə məlumat vermək, çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək zəruridir.












Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Çimərlik