“İnformasiya müharibəsində vəziyyət fərqli istiqamətdə dəyişib” - Politoloq

 “İnformasiya müharibəsində vəziyyət fərqli istiqamətdə dəyişib” -  Politoloq
  07 Avqust 2020    Oxunub:2228
Ötən ay Ermənistanın Tovuzda törətdiyi təxribatlar zamanı Azərbaycan işğalçı ölkəyə kifayət qədər tutarlı cavablar verdi. Ümumiyyətlə, Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər ordusunun gücünə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələdiyini hər zaman sübut edə bilib. Elə son sərhəd təxribatından sonra cərəyan edən proseslər onu deməyə əsas verdi ki, rəsmi İrəvan hərbi, diplomatik və hətta illərlə fəxr etdikləri əsas gücləri olan diaspor müstəvisində də Azərbaycandan geri qalır.
Tovuz döyüşləri başqa bir üstünlüyümüzü də sübut etdi. Bu, informasiya cəbhəsində güclü olmağımız idi. Siyasi ekspertlərin fikrincə, regionda əsas söz sahibi olan Azərbaycanla güc dili ilə danışmaq Ermənistan üçün ciddi başağrısına çevrilib. Tovuz hadisələrindən sonra Paşinyanın verdiyi qərar və bəyanatlarda onun “siyasi həyəcanı” aşkar şəkildə hiss olunmağa başladı. İnformasiya müharibəsində üstünlüyün bizim tərəfimizə keçməsi isə erməniləri daha çox narahat etməyə başlayıb.

Politoloq Qabil Hüseynli Azvision.az -a açıqlamasında deyib ki, bütün müharibələrdə və münaqişələrin həllində əsas güc informasiya cəbhəsində gedən savaşın üzərinə düşür. Çünki sən nə qədər haqq savaşına çıxsan da, informasiya müharibəsində işini düzgün qurmadığın halda dünya ictimaiyyəti sənin ədalətli mövqeyini fərqli rəngdə görəcək:

“Bu bir danılmaz faktdır ki, illər öncə Ermənistan xaricdəki müəyyən dayaqlarından, lobbi və diaspor gücündən yararlanaraq informasiya müharibəsində bizi xeyli qabaqlayırdı. Amma bu gün vəziyyət xeyli fərqli istiqamətdə dəyişib. Azərbaycan artıq informasiya cəbhəsində aciz görünmür. Artıq biz informasiyanın ötürülməsi, onun ictimai rəyə çevrilməsi, xüsusi ilə də bizə sərf edən informasiyaların beynəlxalq ictimai rəyə çevrilməsi, onun operativ şəkildə beynəlxalq təşkilatlara çatdırılması məsələlərində xeyli fəalıq. Prosesləri xırdalıqlarına qədər analiz etsək, onu da görərik ki, hələlik bu istiqamətdə qarşı tərəfi xeyli geridə qoya bilməmişik. Çünki kobud da səslənsə deyim ki, ermənilər o qədər vicdansız xalqdırlar ki, onlar olmayan hadisələri də düz-qoş edib, ona müxtəlif ideoloji siyasi rəng geyindirərək dünyaya yaya bilirlər”.

Politoloq onu da vurğulayıb ki, Ermənistandan fərqli olaraq bizim mental dəyərlərimiz, milli kimliyimiz, genetik faktorumuz bu kimi iyrənc əməl və düşüncələrdən uzaq olmağımıza səbəb olub. Yəni bu tarixən belə olub ki, ermənilər bütün işlərini yalanlar üzərində qurublar: “Biz isə baş verməyən hadisələri, həqiqətə zərrə qədər də yaxın olmayan “tarixi faktları” dünyaya yaymırıq. Yaxud da ən ağır günlərimizdə, aşkar təxribatlarla üz-üzə qalanda belə dünyadan heç vaxt imdad diləməmişik. Ermənistan, ümumilikdə erməni xalqı hər bir kiçik məsələdən faciə janrında olan böyük hekayətlər düzəldərək beynəlxalq təşkilatlara müraciət edir, müxtəlif qəzetlərə çıxış imkanları tapıb bu “milli faciələrini” nəşr etməyi, humanitar yardımlardan yararlanmağı bacarır. Qısası, bu kimi dilənçilik xisləti ilə olan məsələləri həyata keçirən düşmənlə ədalətli mübarizə aparırıq”.

Qabil Hüseynli dünyanın dörd bir yanına səpələnərək türk düşmənçiliyi aparan bu xalqın həmişə təbliğat işində güclü qalmayacağını düşünür: “Bir də onların əsas ümid yerləri sayılan xaricdə olan güclü lobbiləri var ki, təəssüflər olsun erməni lobbisi adı belə hazırda bütün dünyada tanınır. O da bir reallıqdır ki, uzun illər az qala xaricdə yaşayan hər bir erməni bu bölgədə, Dağlıq Qarabağda, Ermənistanda olan və olmayan hadisələrin təbliğatçısı sayılıb. Bu gün də belə fəaliyyət davam edir. Düzdür, indi bizim diasporun xeyli güclənməsinin fonunda onların təbliğatları elə də effekt vermir. Amma hələlik biz xaricdə yaşayan çoxsaylı soydaşlarımızın böyük qismini özümüzün ümummilli problemlərimizə qoşa bilmirik. Bu nöqteyi- nəzərdən informasiya müharibəsində işlərimiz xeyli qabağa getsə də, hələlik Ermənistanı bu sahədə xeyli ötüb keçməyimiz qənaətində deyiləm. Diasporlarımızın bir qismi çox böyük işlər görürlər. Tovuz hadisələri zamanı bütün dünya çox gözəl anladı ki, Ermənistan sərhəddən hücumla başqa bir mənfur niyyət güdürdü. Ona görə də bu məsələdə nəinki daim Bakı ilə əlaqədə olan diaspor və digər təşkilatlarımız, koordinasiyasız hərəkət edən soydaşlarımız da çox fəallıq göstərdi. Diaspor təşkilatlarımızın ümumilikdə son zamanlar fəal işləməsini qiymətləndirmək lazımdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Politoloq  





Xəbər lenti