Trampın bir illik gəliri açıqlandı

 Trampın bir illik gəliri açıqlandı
  01 Avqust 2020    Oxunub:4073
ABŞ hökumətinin Etika Ofisi prezident Donald Trampın illik gəlirini əks etdirən maliyyə hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, 78 səhifəlik sənədə əsasən, ötən il dövlət başçısı Floridadakı "Mar-a-Laqo" kurortundan 21.4 milyon dollar gəlir əldə edib. 2018-ci ildə kompleksin gəliri 22,7 milyon dollar olub.

Bundan əlavə, Prezidentin Vaşinqtondakı bir otelindən gəliri 40.5 milyon dollardır. "Trump National Doral Miami" kurortu 2019-cu ildə Trampa 77,2 milyon dollar qazandırıb. Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunun gəlirləri isə 15,7 milyondan 17,7 milyon dollara yüksəlib.

"The Wall Street Journal" qəzetinin hesablamasına görə, Ağ Ev rəhbərinin 2019-cu ildə əldə etdiyi gəlir ən azı 446 milyon dollar təşkil edib. Nəşr yazır ki, maliyyə hesabatı daha əvvəl açıqlanmalı idi, lakin pandemiya səbəbindən vaxt dəyişdirilib.

Hələ andiçmə mərasimindən əvvəl Tramp sahib olduğu "Trump organization"dakı bütün vəzifələrini tərk edəcəyini, təşkilatı oğlanlarının rəhbərliyinə verəcəyini demişdi.

2016-cı il seçkiləri zamanı və ondan əvvəl Tramp sərvətinin 10 milyard dolları keçdiyini iddia edirdi. Mütəxəssislər isə aktivlərin ümumi dəyərinin daha az olduğuna inanaraq dəfələrlə bu hesaba şübhə etdiklərini dilə gətiriblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti