Prezident Gəncədə - FOTOLAR

Prezident Gəncədə - FOTOLAR
  22 Yanvar 2014    Oxunub:5446
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park–kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirib. Qədim və zəngin tarixə malik olan Gəncədə bu prosesin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcək.

Prezident İlham Əliyev həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsib.

Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

Sonra dövlətimizin başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəlib. Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıb.

Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayına gəldi. Burada həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkün olacaq.

Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə gəldi. Dövlətimizin başçısı məhəllənin baş planı ilə də tanış oldu.

Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 6750 nəfər məcburi köçkün köçürüləcəkdir. Məktəblə tanışlıq zamanı bildirdi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait var.

Dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu.

Məcburi köçkün Ofelya Məmmədova onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdı, dövlət siyasətinə dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın silsilə xidmətlərini xüsusi qeyd etdi.

Daha sonra Prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı muzeylə yaxından tanış oldu. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması mühüm əhəmiyyət daşıyır. Bu mənada Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti də olduqca böyükdür.

Prezident İlham Əliyev “DET AL” Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olub.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.

Prezident İlham Əliyev Gəncə Qala qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb.

Prezident İlham Əliyev daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak edib.
Yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncəyə daxil olmadan hərəkət edəcəkdir. Burada Prezident İlham Əliyevə Ağstafa-Poylu–Gürcüstan sərhədi avtomobil yolunun sxemi də təqdim olundu.

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış olub.

Prezident İlham Əliyev daha sonra “VEGO” otelinə gəlib. Otellə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.

Qalereya




Teqlər:  





Xəbər lenti