Britaniya karantini yumşaltmaqdan imtina etdi

 Britaniya karantini yumşaltmaqdan imtina etdi
  31 İyul 2020    Oxunub:4100
Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsinə görə karantin tədbirlərinin yumşalmayacağını elan edib.
Azvision.az xəbər verir ki, Baş Nazir bir çox cəhətdən koronavirusla mübarizədə tərəqqinin olduğunu deyib.

“Lakin xəbərdarlıq etmişəm ki, virus qayıda bilər və biz qəti tədbirlər görməyə hazır olmalıyıq. Milli Statistika Bürosunun bugünkü məlumatları göstərir ki, may ayından bəri koronavirusun yayılmasında ilk dəfə artım qeydə alınıb. Bu məlumatları görməzdən gələ bilmərik”.

Hökumət rəhbəri virusu nəzarət altında saxlamaq üçün hazırlıqlı olmağın vacibliyini önə çəkib.

“Bu gün planlaşdırılan yüngülləşmə tədbirlərini ən azı iki həftə təxirə salırıq".

Xatırladaq ki, Britaniyada avqustun 1-dən etibarən idman mərkəzlərinin, boulinq klublarının, skeyt meydançalarının, kazinoların, gözəllik salonlarının əksəriyyəti işlərini bərpa edəcəkdilər. Həmçinin, bəzi teatrlar nümayişləri davam etdirməyi planlaşdırırdı. 30 qonaq ilə toylara da icazə veriləcəkdi. Bütün bu planlar təxirə salınıb.

Britaniyada bir gün əvvəl COVID-19 virusuna 846 yoluxma qeydə alınıb ki, bu, son bir ayda ən yüksək rəqəmdir. Ümumi yoluxma sayı 302 mindən çoxdur, ölənlərin sayı isə 46 minə yaxındır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti