Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?

Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
  22 Yanvar 2014    Oxunub:16719
Azərbaycanın xaricdəki səfirliklərinin üzərinə fəaliyyət göstərdikləri ölkələrdə respublikamızın maraqlarının müdafiəsi, dövlətimizin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından böyük iş düşür. Azərbaycanın Respublikasının 70-dən çox ölkədə diplomatik korpusu fəaliyyət göstərir. Bu korpuslarda fəalliyyət göstərən səfirlərin işi ağır olmaqla yanaşı, beynəlxalq bilgiləri də geniş olmalıdır.

Məsələn, maraqlıdır ki, hansı səfirmiz neçə dil bilir? Daha dəqiq desək, ən çox xarici dil bilən səfirimiz hansıdır?

AzVision.az xaricdəki səfirlərimiz haqda qısa araşdırma aparıb. Beləliklə başlayaq, yaxın qonşumuz, qardaş Türkiyədən...

4 dil bilən səfirmiz

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 2011-ci ildən Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiridir. Rus, ərəb, ingilis və türk dillərini bilir.

Sabiq deputat, nazir, indi də səfir...

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1963-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1988-ci ilin dekabrından bir müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri işləyib.1995-ci ildə Milli Məclisinin deputatı seçilib. Polad Bülbüloğlu rus və azərbaycan dillərini bilir. Səfirin digər hansı dilləri bildiyini öyrənməyə cəhd etsək də, məlumat ala bilmədik.

Neft Akademiyasını bitib diplomat oldu

Almaniyadakı səfirimiz Pərviz Oqtay oğlu Şahbazov cəmi 3 dil bilir: ingilis, alman və rus. 2005-ci ilin avqust ayından səfir təyin olunan Pərviz Şahbazov Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

Yunanıstan səfir Rəhman Mustafayev Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 2009-cu ilin oktyabrında Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İngilis dili, Fransız, Rus, Ərəb dillərini bilir.

Tahir Tağızadə - ən çox dil bilən diplomat

Çexiyadakı diplomatımız Tahir Tağızadə 2007-ci il 22 fevral tarixindən indiyədək Azərbaycanın Çexiyadakı səfiri postunda çalışır. Tahir Tağızadə 5 dil - İngilis, rus, çex, slovak, türk dillərini əla bilir. İlk təhsilini Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsində alıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 26 oktyabr 2011 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İngilis, Rus və Çex dillərini bilir

Ən az dil bilən səfir kimdir?

Hindistandakı səfirimiz İbrahim Hacıyev Xarici dillər Universitetini bitirib. 2012-ci ildən Azərbaycanın Hindistandakı səfiridir. Ingilis və rus dillərini bilir.

4 ölkədə səfir işləyən Məmməd Əhmədzadə

Argentinadakı səfirimiz Məmməd Əhmədzadə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq münasibətlər ixtisasını bitirib.

2011-ci ildən etibarən iqamətgahı Buenos-Ayres şəhərində olmaqla, Azərbaycan Respublikasının Çili, Uruqvay, Boliviya və Paraqvayda da fövqəladə və səlahiyytli səfiridir.

Səfir italyan, ispan, ingilis və rus dillərini bilir.

Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2011-ci ildən Azərbaycanın Moldovadakı fövqaladə və səlahiyyətli səfiridir.Rus, alman, ingilis dillərini bilir.

3 dil bilən Emil Kərimov

Bolqarıstandakı səfirimiz Emil Kərimov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2010-cu ilin oktyabrından bu günə kimi Azərbaycanın Bolqarıstandakı səfiridir. İngilis, rus və türk dillərini bilir.

Aktrisa Amaliya Pənahovanın 5 dil bilən oğlu

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri İlqar Yusif oğlu Muxtarovdur. 2009-cu ildə Meksikaya səfir təyin edilib.O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və tarixi üzrə təhsil alıb.

Səfir rus, ingilis, türk, ərəb dillərini, əla, ispan dilini isə orta səviyyədə bilir.

Sabiq nazir, 5 dil bilən Vilayət Quliyev

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev ADU-nun fılologiya fakültəsində təhsil alıb. Üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti