Azərbaycanda 6 ayda 5303 zəlzələ olub

 Azərbaycanda 6 ayda 5303 zəlzələ olub
  29 İyul 2020    Oxunub:3013
İyulun 29-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının videokonfransı keçirilib.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən AMEA nəzdində RSXM - nin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, gündəliyə bu ilin birinci yarımilliyində aparılmış elmi və elmi - istehsalat işlərinin nəticələrinə dair hesabatların müzakirəsi daxildir. Hazırda dünyada COVİD -19 virusu ilə bağlı pandemiya şəraitinin davam etdiyini deyən baş direktor Azərbaycanda pandemiya elan ediləndən bu günə qədər Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında RSXM - nin fəaliyyətini davam etdirdiyini bildirib.

Daha sonra RSXM - nin seysmologiya, geofizika, geokimya bölmələri üzrə müvafiq şöbələrinin rəhbərləri tərəfindən son altı ayda aparılmış elmi tədqiqatların nəticəsinə dair hesabatlar təqdim edilib.

“Azərbaycan və ətraf bölgələrdə baş vermiş zəlzələlərin tədqiqi” mövzusunda çıxış edən “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova bildirib ki, bu ilin altı ayı ərzində büro tərəfindən 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb. Həmin zəlzələlədən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub. 1140 isə uzaq zəlzələlərdir. Büro rəisinin sözlərinə görə, ilin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml> 3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir.

Konfransda “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında” “Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Mühəndis-seysmoloji tədqiqatlar” mövzusunda “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin müdiri Zəhra Əliyeva çıxış ediblər.

Geofizika bölməsi üzrə hesabatı baş direktorun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev, Geokimyəvi tədqiqatlar üzrə hesabatı isə “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Ramidə Kərəmova təqdim ediblər.

Elmi hesabatların müzakirəsindən sonra mərkəzin elmi-istehsalat sahəsi üzrə müvafiq şöbələrin rəhbərləri (“İnformasiya” şöbəsi Vüsalə Rafiqqızı, “Beynəlxalq əlaqələr” şöbəsi Telman Cəfərov, “Tədris” şöbəsi Gülnarə Alxanova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə) tərəfindən son altı ayda görülmüş işlərə dair hesabatlar məruzə edilib.

AMEA Neft və Qaz İnstitutunun direktor vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov RSXM tərəfindən görülən işləri müsbət qiymətləndirərək, aparılan elmi tədqiqatların genişləndirilməsi üzrə müvafiq təkliflərini verib.

Hesabatların müzakirəsindən sonra şöbələrə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə aparılan tədqiqat işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Zəlzələ   Azərbaycan  





Xəbər lenti