Vüsal Hüseynov “Miqrasiya Məktəbi 2”nin məzunları ilə videokonfrans keçirdi

 Vüsal Hüseynov “Miqrasiya Məktəbi 2”nin məzunları ilə videokonfrans keçirdi
  25 İyul 2020    Oxunub:6638
Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi 2” layihəsinə yekun vurulub.

Xidmətdən Azvision.az -a bildirilib ki, təlimlər DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, miqrasiya məktəbinin layihə üzrə tərəfdaşları, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlər tərəfindən keçirilib.
Altı ay ərzində təlimçilər 16 iştirakçıya “Beynəlxalq miqrasiya hüququ”, “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları”, “Azərbaycanın viza siyasəti” və digər mövzuları tədris ediblər. Gənclər Bakı Regional Miqrasiya İdarəsinin qəbul şöbəsi, 919 - Çağrı mərkəzi və digər struktur bölmələrin fəaliyyəti ilə yaxından tanış olublar.



Layihənin yekununda iştirakçılarla videokonfrans keçirən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov gəncləri təbrik edərək “Miqrasiya Məktəbi 2” layihəsinin əhəmiyyətini vurğulayıb. Sosial, iqtisadi, humanitar, hüquqi məsələləri özündə birləşdirən miqrasiya proseslərinin vacibliyini qeyd edən Vüsal Hüseynov bu sahədə mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, həmin tədris proqramı məhz bu istiqamətdə atılan mühüm addımdır.

“Miqrasiya Məktəbi 2”nin iştirakçıları isə layihə haqqında təəssüratlarını bölüşüblər.

Sonda Xidmət rəisi iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ölkəmizdə COVID-19 virusu ilə mübarizə çərçivəsində tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınmaqla, pandemiya dövründə “Miqrasiya Məktəbi 2” layihəsinin son dərsləri onlayn formatda davam etdirilib.

DMX layihədə iştirak edən yerli və beynəlxalq təşkilatların nümayəndələrinə, beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirir.

Azvision.az


Teqlər: MiqrasiyaXidməti   Vüsal-Hüseynov  





Xəbər lenti