Azərbaycan mətbuatının 145 illiyi və informasiya-kommunikasiya sahəsində yeni çağırışlar

   Azərbaycan mətbuatının 145 illiyi və informasiya-kommunikasiya sahəsində yeni çağırışlar
  22 İyul 2020    Oxunub:11829
Rəsmi informasiya agentliyi AzərTac Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın jurnalistikanın və informasiya siyasətinin hazırkı vəziyyətilə bağlı məqaləsini dərc edib. Aktuallığını nəzərə alaraq, AzVision.az da həmin məqaləni öz oxucularına təqdim edir.
Milli mətbuatımızın təməl prinsipləri, ənənələrə sadiqlik və müasir çağırışlara hazırlıq

Bu gün biz Azərbaycan milli mətbuatının 145 illiyini qeyd edirik. Görkəmli maarifçi-publisist Həsən bəy Zərdabi banisi olduğu “Əkinçi” qəzeti ilə gələcək nəsillərin rəhbər tuta biləcəyi 3 təməl prinsipi - maarifçilik, müasirlik və istiqlal məfkurəsini müəyyən etmişdir. Tarixin mürəkkəb mərhələlərindən keçməsinə baxmayaraq, həmin prinsiplər bu gün də aktualdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımızın görkəmli mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəvi dəyərlərin və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər.

Təsadüfi deyil ki, müstəqilliyimiz bərpa edildikdən sonra milli mətbuatın inkişafının yeni dönəmi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə yeni siyasi-iqtisadi münasibətlərə transformasiya çərçivəsində həyata keçirilən fundamental islahatların tərkib hissəsi kimi 1995-ci ildə yeni Konstitusiya qəbul olunub, insan hüquq və azadlıqları kontekstində dövlətin informasiya siyasətinin prioritetləri müəyyən edilib, 1998-ci ildə senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb və mətbuatın inkişafı üçün yeni perspektivlər açılıb. Ötən illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib.

Bu kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti mətbuatın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Cəmiyyətin həyatında mətbuatın rolunun durmadan artdığını, onun fəaliyyətində obyektivlik və sosial məsuliyyət prinsiplərinin, ictimai rəyə kənar təsirlərin artdığı şəraitdə vətənpərvərliyi və milli maraqları daim rəhbər tutmasının, informasiya mübarizəsinin kəskinləşdiyi hazırkı dövrdə beynəlxalq media məkanına çıxaraq, ölkəmizin maraqlarını müdafiə etməsinin zəruriliyini dəfələrlə vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında milli mətbuatımızın növbəti inkişaf mərhələsində fəaliyyət prinsipləri və istiqamətləri müəyyən edilib. Sərəncamda:

• kütləvi informasiya vasitələrinin də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmaması;

• qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşması;

• cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində səylərini daha da gücləndirməsi ilə bağlı gözləntilər əks olunub.


Bunlardan əlavə, Sərəncamda medianın inkişafını şərtləndirən əsas amillər kimi modernləşmə, rasionallıq, kreativlik, obyektivlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi sadalanır.

• Modernləşmə - cəmiyyəti irəliyə aparan bütün mütərəqqi dəyişikliklərin məcmusudur. Bu baxımdan medianın üzərinə düşən məsuliyyət modernləşmənin mənfi aspektlərindən qorunmaqla yanaşı, mütərəqqi yenilikləri əxz etməkdən ibarətdir.

• Rasionallıq – medianın rəhbər tutmalı olduğu ən önəmli prinsiplərdən biridir. Hər bir media nümayəndəsi, jurnalist fəaliyyətinin auditoriyaya mümkün təsirlərini, cəmiyyətdə doğuracağı reaksiyaları əvvəlcədən hesablamalı və dərk etməlidir. İnformasiyanın təsir imkanlarının qabaqcadan planlaşdırılması və ölçülməsi peşəkar kommunikasiyanın ən önəmli komponentlərindən biridir.

• Kreativ media bütün texnoloji, sosial innovasiyaları öz fəaliyyətinə uğurla inteqrasiya edən, yeni kommunikasiya üsullarının geniş tətbiqinin öhdəsindən gələn, habelə oxucularla interaktiv ünsiyyətə daxil olmağı bacaran mediadır.

• Obyektivlik - müasir medianın funksional zəruriliyini müəyyən edən ən başlıca prinsipdir. Obyektivlik olmadan müasir cəmiyyət mövcud informasiya xaosunda həqiqət və qərəz arasında seçim etmək imkanından məhrum olur. Obyektiv media həqiqətin aynası mövqeyindən yayınmayan, ictimai fikirdə çaşqınlıq yaratmaq bahasına qazanılan populyarlıqdan çəkinən və həqiqəti rəhbər tutan mediadır.

***

24/7 rejimdə informasiya axınının səmərəli idarə edilməsi, “fake news” və “deepfake” texnologiyaları dövründə həmin prinsiplərin rəhbər tutulması, informasiya təhlükəsizliyinin təmin edilməsi ən aktual məsələlərdən biridir. Bu isə klassik, yeni, sosial media, ümumilikdə kommunikasiya sahəsində konseptual və praktiki yanaşmaları özündə ehtiva edən sistemli işin qurulmasına əsas yaradır.

İnformasiya hər zaman cəmiyyətin inkişafını şərtləndirən, onun fəaliyyət istiqamətlərini müəyyən edən amillərdən biri olub. Rəqəmsal erada isə informasiyanın cəmiyyətdəki proseslərə təsir imkanları heç vaxt olmadığı qədər artıb. Bu, ilk növbədə, informasiyanın yayılma sürətinin artması ilə bağlıdır. Bu artımın başlıca hərəkətverici qüvvəsi isə internetdir. Analitiklərin fikrincə, bəşər tarixi bütövlükdə 12 ekzabit informasiya istehsal etdiyi halda, son 2 ildə eyni həcmdə əlavə informasiya istehsal olunub. Məsələn, 2015-ci ilin məlumatlarına görə, dünyada hər dəqiqə 5 milyon videoya baxılır, internetdə 2,6 milyon sorğu verilir, 600 sayt yaradılır.

Sözsüz ki, İKT və kommunikasiya sahələrində baş verən inqilabi yeniliklər özü ilə müvafiq dəyişiklikləri də gətirir. Qloballaşma prosesinin təsiri, alternativ informasiya platformasına çevrilən sosial şəbəkələrin yaranması, xalqların dəyərlər sistemindəki ciddi və sürətli transformasiyalar da medianın üzərinə heç zaman olmadığı qədər böyük məsuliyyət qoyur.

Texnoloji innovasiyalar yeni imkanlarla yanaşı, müəyyən təhdidləri, çağırışları da özündə ehtiva edir. Təbii ki, bu, ictimai münasibətlərə təsirsiz ötüşmür. “Yeni media” fərqli inkişaf səviyyəli cəmiyyətlərin müxtəlif reaksiyasına səbəb olsa da, onları ümumi birləşdirən cəhət dəyişikliklərin və dəyişikliklərə adaptasiya prosesinin nəsillərarası deyil, bir nəsil daxilində baş verməsidir.

Yeni media bir sıra tendensiyalar da doğurub: kütləvi kommunikasiyanın şəbəkələşməsi, fərdlərin individual transformasiyası, informasiyanın fərdiləşməsi, yeni diskussiya formatları, sosial qruplar və kommunikasiya kanallarının yaranması, ictimai müzakirənin qütbləşməsi, dezinformasiyanın geniş yayılması və s. Üstəlik, yaxın gələcəkdə 5G texnologiyası kontenti daha sürətli etməklə yeni medianın inkişafına növbəti təkan verəcək.

Yeni media-platformalar (sosial şəbəkələr və mesencerlər) böyük bir auditoriyanın informasiya gündəliyinin formalaşdırılması üzərində nəzarəti tam ələ alıb. Məsələn, 2017-ci ilin məlumatlarına görə, “Google” qlobal kontekstdə reklam bazarının 90 faizinə, “Facebook” isə sosial şəbəkələrin 80 faizinə nəzarət edir. Bu platformalar gündəlik informasiya vasitəsilə auditoriyanın əhval-ruhiyyəsini, qərarlarını və motivlərini idarə edir, kimin bu auditoriyaya buraxılması, kimin buraxılmaması məsələsini müəyyənləşdirir. İlkin mərhələdə dövlətlərin və ya monopoliyaların nəzarət etdiyi kanallar vasitəsilə informasiyanın mərkəzləşmiş formada yayılmasına alternativ kimi meydana çıxan rəqəmsal platformalar nəticədə özlərinin korporativ və ya ayrı-ayrı siyasi və iqtisadi qrupların ambisiyalarının girovuna çevriliblər. Onların neytrallıq illüziyası getdikcə dağılır, manipulyasiya vasitəsi olduqları özünü açıq şəkildə büruzə verir. Biz Azərbaycan reallığında da sosial şəbəkələr və mesencerlər vasitəsilə daxildən və xaricdən cəmiyyətin əhval-ruhiyyəsinə və psixoloji durumuna müəyyən maraqlar çərçivəsində təsir göstərmək cəhdlərini davamlı şəkildə müşahidə edirik. Bu isə təbii olaraq, informasiya təhlükəsizliyini, rəqəmsal birgəyaşayış qaydalarının formalaşdırılmasını gündəmin aktual mövzularından birinə çevirir.

Buna baxmayaraq, 24/7 rejimdə informasiya axını və dövriyyəsi mühitində media nəinki cəmiyyətin ən mühüm institutlarından biri olaraq qalır, həm də yeni məzmun və forma kəsb edir.

XXI əsrdə müasir texnologiyaların sürətli inkişafı dövlətlərin milli maraqların təmin olunması, daxili və xarici siyasətin həyata keçirilməsində yeni yanaşmaların tətbiq edilməsinə gətirib çıxarmışdır.

İnformasiya və hibrid müharibələrin üstünlük təşkil etdiyi hazırkı qlobal gündəm hər bir dövlətin, o cümlədən də Azərbaycanın informasiya siyasətinin səmərəli qurulmasını, onun həyata keçirilmə mexanizmlərinin daim yenilənməsini, çevikliyinin təmin edilməsini, media və kommunikasiya sahəsində islahatların dərinləşdirilməsini şərtləndirir.

Pandemiyanın stimullaşdırdığı ideoloji trendlər və informasiya-kommunikasiya siyasəti

Hələ COVID-19 pandemiyasından əvvəl dünyada başlamış ideoloji böhran və sosial medianın təsiri ilə populist ideyaların geniş yayılması, müxtəlif siyasi qüvvələrin - sağların və solların elektorat və reytinq uğrunda mübarizədə öz klassik orientirlərindən tədricən uzaqlaşaraq marginallaşması, liberal iqtisadiyyatın təklif etdiyi inkişaf modellərinin maliyyə və sənaye kapitalizmi arasındakı konseptual ziddiyyətləri aradan qaldıra bilməməsi müasir dövlət idarəçiliyində də sistem dəyişikliklərini qaçılmaz edir. Əslində, pandemiya bu yeni yanaşmaların axtarışını daha da stimullaşdırır və sürətləndirir.

Bu baxımdan regionallaşma, lokallaşma, texnokratik idarəetmə, rəqəmsallaşma, dövlət kapitalizmi, neo-kommunitarizm kimi ideoloji trendlər önə çıxmağa başlayır. Göründüyü kimi, pandemiyanın təsiri altında ideoloji trendlər də sürətlə dəyişir və zamanın çağırışlarına uyğunlaşmağa çalışır. Bu kontekstdə Azərbaycan da yaxın və uzaq perspektiv üçün öz inkişaf modelinə uyğun olaraq ideoloji sahədə yenilənmənin çərçivəsini müəyyənləşdirməli, dövlətin informasiya-kommunikasiya siyasəti inkişaf modelinə və onun yenilənmuş ideoloji məzmununa uyğunlaşdırılmalıdır.

İnformasiya siyasəti

Dövlətin çoxfunksiyalı siyasi, ideoloji vəzifələrindən birini informasiya siyasəti təşkil edir. Səmərəli informasiya siyasəti sistemliliyi ilə fərqlənir və vətəndaş-cəmiyyət-dövlət maraqlarının uzlaşdırılmasını təmin edir.

Azərbaycan hazırda köklü islahatlar mərhələsini yaşayır və formalaşan yeni idarəçilik mexanizmi müvafiq informasiya siyasətinin yürüdülməsini şərtləndirir. Bu, özündə:

• medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının müasir dövrün çağırışlarına uyğun olaraq yenilənməsini;

• media infrastrukturunun təkmilləşdirilməsini, mediaya birbaşa və dolayı dövlət yardımının formalarına yenidən baxılmasını;

• medianın fəaliyyətinin iqtisadi özüllərinə yeni baxışı, optimallaşdırmanı;

• media və onunla sıx bağlı olan kreativ sənayenin formalaşmasını;

• rəqəmsallaşmaya keçidin yekunlaşmasını;

• jurnalistikanın peşəkarlığının artırılması və müasir media sənayesinin tələbatlarına uyğun olaraq, yeni ixtisaslar üzrə kadr hazırlığını və s. ehtiva edir.

İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi informasiya siyasəti və kommunikasiya ilə əlaqəli nəzərdən keçirilməlidir. Fiziki sərhədlərin silindiyi, qlobal təhdid və çağırışların geniş yayıldığı vahid informasiya məkanında hibrid informasiya-psixoloji əməliyyatlar, informasiya manipulyasiyaları, saxta xəbərlər (“fake news”) vasitəsilə digər ölkələrin daxili işlərinə qarışmaq imkanları peşəkar media fəaliyyətinə ehtiyacı dəfələrlə artırır.

Son günlər Ermənistan dövlət sərhədimizin Tovuz istiqamətində atəşkəsi pozmaqla ölkəmizə qarşı hərbi əməliyyatlarla informasiya hücumlarının birgə tətbiqinə əsaslanan hibrid müharibə taktikasından istifadə etmişdir. Biz hərbi əməliyyatlarla yanaşı, informasiya resurslarına haker hücumlarının təşkil edildiyinin, düşmənin psixoloji-informasiya əməliyyatlarına cəhd göstərdiyinin, xeyli saxta məlumatları yaymaqla əhalidə çaşqınlıq, ruh düşkünlüyü və təşviş yaratmaq, xalqla dövlət arasında təbii təməl əlaqəni zədələmək və çox təəssüf ki, milli orientirlərini itirmiş bəzi marginal qüvvələrin milli maraqları gözardı edərək ölkəmizə qarşı yönəldilən təxribat fəaliyyətində yer aldığının növbəti dəfə şahidi olduq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa son müraciətində münaqişə dövründə informasiya təhlükəsizliyi məsələlərini əhatə etməklə, son hadisələr zamanı sosial mediada müşahidə olunan mənfi təmayüllər dolğun şəkildə təhlil edilmişdir: “Yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən, sadəcə, paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır”. Buna görə də xanım Mehriban Əliyeva bir vətəndaş olaraq hər birimizin üzərinə düşən və gündəlik həyatımızda riayət etməli olduğumuz prinsipial məsələləri dəqiqliklə ifadə edib: “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə”.

Göründüyü kimi, bütün bu təhdidlərə cavab olaraq, dövlətimiz, ordumuz və xalqımız bir yumruq kimi həm döyüş, həm də informasiya meydanında müharibə aparır. Məhz bu vəhdət, dövlət fəaliyyətinin bütün istiqamətlərini əhatə edən düzgün qurulmuş, səmərəli hərbi-psixoloji-informasiya əməliyyatları gələcək qələbəmizi şərtləndirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son çıxışında bunu bir daha vurğulayaraq bildirib: “Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.

Təsadüfi deyil ki, bu gün dünyada baş verən istənilən münaqişə zamanı ilkin hədəf kimi hərbi obyektlərlə yanaşı, informasiya və kommunikasiya “obyektləri”, həm ön, həm arxa cəbhənin strateji resursu hesab edilən KİV, insanların psixoloji durumu hədəfə alınır. Reallıq belədir ki, informasiya bu gün bütün sferalarda ən önəmli güc mənbəyi olmaqla yanaşı, həm də ən təsirli silahdır. Tarix müxtəlif vaxtlarda hətta cüzi informasiya üstünlüyünün belə böyük hərbi əməliyyatların dönüş nöqtəsinə çevrilə bildiyini dəfələrlə nümayiş etdirib. Bu baxımdan, ölkəmizin kütləvi informasiya vasitələrinin, sosial media resurslarının üzərinə olduqca böyük vəzifələr düşür. Həlledici məqamlarda saxta, əsassız məlumatların yayılmasının qarşısını vaxtında almaq, lakin bununla bərabər məlumat axınının operativliyini təmin etmək yüksək əzm və peşəkarlıq tələb edir.

İnformasiya təhlükəsizliyinin digər vacib istiqaməti 24/7 rejimdə informasiya axını içində saxta və doğru xəbərlərin, əsas və ikinci dərəcəli informasiyaların operativ filtrasiyasıdır. Bu mənada, etiraf etməliyik ki, ölkəmizdə informasiya resurslarının zənginliyi şəraitində medianın informasiya axınına peşəkar şəkildə filtrasiya tətbiq etmək imkanları məhduddur. Məhz buna görədir ki, informasiyanın təqdimatında qrammatik qaydaların pozulmasından tutmuş mahiyyət etibarilə qeyri-obyektiv və zərərli məlumatların informasiya məkanına çıxarılması və qısa zaman ərzində geniş yayılması halları tez-tez müşahidə olunur. Mütəxəssislərin fikrincə, çoxsaylı mənbələr içindən ən dəqiq və aktual məlumatın axtarılması və peşəkar səviyyədə təqdim edilməsi hər bir media üçün yaxın gələcəkdə uğurun əsas amillərindən birinə çevriləcək.

UNESCO-nun 2002-ci ildə apardığı tədqiqatlara görə, Avropa əhalisinin 74 faizi “infofobiya”dan – informasiyanın çoxluğu nəticəsində yaranan yorğunluq sindromundan əziyyət çəkir. Son 20 il ərzində sosial şəbəkələrin də yaranmasını və alternativ informasiya platformasına çevrilməsini nəzərə alsaq, infofobiyanın yaratdığı fəsadları təsəvvür etmək çətin deyil. Hazırda bəzi texnologiya şirkətləri hətta sosial şəbəkə və mesencerlərdən çıxmaq üçün “app” xidmətlər də təklif edir. Göründüyü kimi, fasiləsiz, sürətli və böyük həcmli informasiya axını həqiqi və saxta xəbərlər arasında seçim etmək imkanını dəfələrlə azaldır.

Hazırkı qlobal pandemiya yeni bir tendensiyanı - “infodemiya”nı da meydana çıxarıb. “İnfodemiya” informasiyanın həddindən artıq böyük həcmlərdə dövriyyəsi, onun çirkliliyi və nəticədə insanların doğru və saxta xəbərlər arasında qalaraq seçim imkanlarının zəifləməsi deməkdir.

Beləliklə, infodemiya şəraitində xəbər çirkliliyinə və məlumat sıxlığına qarşı ən səmərəli vasitə peşəkar medianın yerinə yetirdiyi filtrasiya roludur.

Bu sahədə, xüsusilə sosial media sahəsində hüquqi tənzimləmənin zəif olduğunu nəzərə alaraq, mübarizə üçün milli, regional və beynəlxalq səviyyələrdə tərəflərin davranış qaydalarını, məsuliyyətini, hüquq və vəzifələrini müəyyənləşdirəcək normaların formalaşdırılması, birgə əməkdaşlıq platformalarının yaradılması zəruridir.

Kommunikasiya işi

Hazırda dövlətin kommunikasiya fəaliyyətinin təkmilləşdirilməsinə də böyük ehtiyac var. İndi bütün dövlətlər informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, 24/7 rejimdə “şaquli” və “üfüqi” səviyyələrdə informasiyanın maneəsiz yayıldığı məkanda yaşayır. Əvvəllər lokal xarakter daşıyan məlumatlar və hadisələr indi ölkələr səviyyəsində, bəzən regional və qlobal səviyyədə əks-səda doğurur. Bu baxımdan informasiya-kommunikasiya işini uğurla qurmağa çalışan istənilən dövlət həmin şərtləri nəzərə almalıdır. Kommunikasiya strategiyası xarakterinə görə sistemli, operativ olmalı, ikitərəfli məlumat axını şəraitində ictimai rəyi həmişə nəzərə almalı, daxili və xarici istiqamətlərdə differensasiya olunmalıdır. Buraya kommunikasiya və ictimaiyyətlə əlaqələr işinin təşkili, klassik, onlayn və sosial mediada səmərəli fəaliyyətin, böhran şəraitində kommunikasiyanın düzgün qurulması və s. məsələlər daxildir.

Ölkəmizdə də son zamanlar bu istiqamətdə xeyli iş görülmüşdür. COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində dövlət orqanlarının fəaliyyətinin müntəzəm işıqlandırılması, əhalinin operativ məlumatlandırılması, Tovuz istiqamətində Ermənistanın təxribatı ilə bağlı daxildə və xaricdə informasiya-kommunikasiya işinin operativliyi-çevikliyi məhz bu kontekstdə baş verən müsbət dəyişikliklərdir. Azərbaycan Respublikasının Prezidenti son çıxışında “bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördüyümüzü qeyd etdi. Bu, Prezidentin yürütdüyü uğurlu xarici və çevik informasiya-kommunikasiya siyasətinin nəticəsi idi.

***
Beləliklə, müasir dövrdə dövlətin informasiya və kommunikasiya fəaliyyəti daxili və xarici istiqamətləri əhatə etməklə 3 komponentin birgə vəhdəti üzərində qurulmalıdır:

(1) informasiya siyasəti,

(2) informasiya təhlükəsizliyi və

(3) kommunikasiya.


Bu baxımdan yalnız kompleks yanaşma tətbiq etməklə uğurlu informasiya-kommunikasiya işini qurmaq olar. İnformasiya-kommunikasiya strategiyası xarici və daxili siyasi trendləri, informasiyanın şaquli və üfüqi yayılma xüsusiyyətlərini nəzərə almaqla, vətəndaş-cəmiyyət-dövlət üçbucağının qarşılıqlı münasibətlərinin tənzimlənməsini əhatə etməlidir.

Səadət Yusifova
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini


Azvision.az


Teqlər: SəadətYusifova   Mətbuat  





Xəbər lenti