Sosial media “jurnalistikası” təxribatların vintciyi rolunda

Sosial media “jurnalistikası” təxribatların vintciyi rolunda
  22 İyul 2020    Oxunub:4225
Bir neçə həftə öncə ABŞ Prezidenti Donald Trampın sosial medianı tənzimləməklə bağlı çıxışları Qərb mediasında ciddi müzakirələrə səbəb oldu. Əslində bu, daha çox Trampla onun paylaşımlarını silən "Twitter" arasındakı gərginlik kimi xarakterizə olunsa da, özlüyündə daha ciddi siyasi və ictimai problematikanı ortaya qoyurdu.

Bu gün sosial şəbəkələrin informasiya təxribatları informasiya fəlsəfəsinin də bütünlüklə mahiyyətinin dəyişməyi ilə xarakterizə olunur. Düşünürəm ki, pandemiyanın səbəb olduğu iqtisadi və siyasi qarışıqlıqlar və psixoloji təsirlər fonunda ciddi jurnalistika ilə sosial media jurnalistikasının fərqləri daha aydın ortaya çıxır.

İndi fərdlər üçün informasiya ötürmək çox asan olduğuna görə sosial media jurnalistikası anlayışı dünyada geniş şəkildə yayılıb.

ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayaraq dünyanın informasiya təhlükəsizliyini təhdid edən real bəlaya qarşı əməli addımlar atılmağının labüdlüyünü bir daha hamının diqqətinə çatdırdı əslində.

"Bu gün mən söz azadlığının müdafiəsi, ABŞ vətəndaşlarının hüquqları üzrə icraçı fərmanı imzaladım. Sosial şəbəkələr neytral platforma nəzəriyyəsinə əsaslanaraq, "Twitter" kimi, məsuliyyətdən misli görünməmiş müdafiəyə malik idilər. Amma bu belə deyil", - Tramp fərmanını şərh edərkən deyirdi.

ABŞ prezidenti qeyd edib ki, sosial şəbəkələr daha məsuliyyətdən müdafiə hüququna malik olmayacaqlar. Bu, böyük qərardır. Prezidentin iddiasına görə, bu fərmana qədər sosial şəbəkələr “istədiyi hər şeyi edə bilirdi".

Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının rəhbəri bildirib ki, ölkədə sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırıla, hətta dayandırıla bilər.

"Respublikaçıların fikrincə, sosial media platformalarında mühafizəkar səslər bütövlükdə susdurulur. Biz belə bir şeyin baş verməsinə yol verməkdənsə, onları ciddi tənzimləyər, yaxud bağlayarıq", - Donald Tramp bildirib.

Trampın qaldırdığı məsələ sosial medianın dövlətçilik təsisatlarını təhdid edən feyk-nyus bəlasının da əslində nə qədər geniş olduğunu göstərmiş oldu.

Sosial media jurnalistikası analayışının müsbət rəfələri haqqında çox danışılır və əsasən də bu faktlar göstərilir: 1) Sosial media vətəndaş jurnalistikasını inkişaf etdirir. Əslində bu anlayışın özü də müzakirəyə açıqdır. Necə yəni vətəndaş jurnalistikasını inkişaf etdirir? Ənənəvi KİV və xüsusən onlayn media elə birbaşa vətəndaş jurnalistikası ilə iç-içədir və vətəndaş olmadan bu media platformaları da olmaz, informasiyqa mənbəyi ortaya çıxmaz, “informasiya istehlakçısı” anlayışından söhbət belə gedə bilməz.

2) Sosial media jurnalistikası informasiyanın çevikliyini təmin edir. Lakin bu da ciddi bir faktdır, operativ informasiyanın dezinformasiya olmaq ehtimalı da böyükdür.

3) Sosial media dünya arasındakı sərhədlərin virtual yoxluğunu yaradır. Əslində isə böyük bir kiber asıllıq ordusu yaranır desək yanılmarıq.

Sosial medianın mənfi və müsbət ünsürlərini uzun bir yazıda müzakirə etmək olar. Əsas məsələ sosial media jurnalsitikası adlı yeni anlayışın yaratdığı ciddi problemlərin mövcudluğudur.

Hər kəs “Facebook” inqilabı və “Twitter” inqilabı haqqında danışmağı sevir, böyük sosial şəbəkələrin kütlələri necə istiqamətləndirdiyini söyləyir. Sosial media və texnologiyanın aparıcı şərhçilərindən olan Kris Teylorun 24 fevralda yazdığı məqalə bu baxımdan çox maraqlı məqamlara toxunur.

Teylor Tunis, Misir, Liviya və ya digər ərəb ölkələrində avtokratiyaya qarşı onlayn olaraq təşkil edilən qiyamların "sosial media inqilabı" kimi demək olar ki, dəb halına gəldiyini bildirir.
Kütləvi informasiya vasitələri adlanan media geniş kütlələrə müraciət edən və bu kütlə daxilində məlumat, xəbər, düşüncə və fikir mübadiləsi aparan bir vasitədir. McQualin fikrincə, media cəmiyyətdə təsir, nəzarət və yenilik üçün potensial vasitə olaraq güc mənbəyidir; əksər sosial qurumların fəaliyyəti üçün zəruri olan məlumat mənbəyi və ötürmə vasitəsidir. Bu mənada medianı ictimai və sosial funksiyaları olan bir vasitə olaraq təsvir edə bilərik. Doğru məlumat əldə etməyin yollarının müzakirə olunduğu bir dövrdə, məhsullarını faktlar və biliklər əsasında edən media qurumları daha çox etimad qazanaraq sağlam məlumat mənbəyi kimi qəbul edilir.

YUNESKO tərəfindən hazırlanan məşhur “McBride Report”-da medianın funksiyalarına diqqət yetirilərkən "xəbər və məlumat vermək" vəzifəsi vurğulanır. "Fərdlərin sosial həyatın bir parçası olması, yəni ictimailəşməsi, sosial məqsədlər üçün motivasiya etməsi və sosial dəyərlərin ortaya çıxması" medianın əsas vəzifələrindən biridir. Bundan əlavə, media yaxşı vaxt keçirmək, təhsil səviyyəsini yüksəltmək və mədəni dəyərləri qorumaq kimi funksiyaları da yerinə yetirir. Beləliklə, media həyatımızın vacib bir hissəsinə çevrildi. Digər tərəfdən, qloballaşmanın təsiri ilə media indi iqtisadiyyat və siyasət problemləri ilə yaxından əlaqələndirilməyə başlandı. Bu sadalanan funksiyalara sosial medianın hansı formada adaptasiya olunduğu isə ciddi sual yaradır.

Siyasi təsir vasitəsinə çevrilən sosial media həm də ənənəvi KİV-in siyasi mahiyyətini də dəyişdirməyə cəhd edir.

Son zamanlar aktual olduğunu düşündüyüm və dəfələrlə televiziyadan çağırış etdiyim məsələ sosial media əməkdaşlarının daşıdığı press-kartlarla bağlıdır.

KİV haqqında qanunda belə bir müddəa olmasa da hansısa “Youtube” kanalı və “Facebook” səhifəsiylə əməkdaşlıq edənlər özlərinə uydurma jurnalist vəsiqəsi düzəldir və özlərini “jurnalist” adlandırırlar. Xaricdə mənzillənən anti-azərbaycan şəbəkələrin qrantları ilə dolanan bu adamlar ölkədə daim çaşqınlıq yaradan dezoları tirajlayır və buna media fəaliyyəti deyirlər.

Hər müxalif “aksiya”da siz bu “sosial media jurnalistləri”nin səsini eşidə bilərsiniz.

Sonrakı yazılarda qanunvericilikdə bu dezinformatorlara qarşı hansı addımlar atıla biləcəyini izah etməyə çalışacağam.

Tural İsmayılov
STM-in baş məsləhətçisi, politoloq



Teqlər: Sosial-Media  





Xəbər lenti