Gənclərin vətənpərvər ruhda yetişməsi üçün hansı işlər görülür?

Gənclərin vətənpərvər ruhda yetişməsi üçün hansı işlər görülür?
  18 İyul 2020    Oxunub:6008
Orduya dəstək yürüşü cəmiyyətimizdə gənc insanların vətənpərlik hissinin yüksək olduğunu göstərdi. Yürüş vahid amal uğrunda birləşən gənclərimizin bu ruhda tərbiyəsinin bariz nümunəsidir. Gənclər və İdman Nazirliyi olaraq daim gənclərimizin vətənpərlik sahəsinə diqqət ayırırıq.
Bunu Azvision.az -a açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova deyib.

Onun sözlərinə görə, Nazirlik tərəfindən həyata keçirilən bir sıra layihələr bu baxımdan mühüm əhəmiyyət kəsb edir:

"1996-ci ildən başlayaraq respublikamızın 83 rayon və şəhərində “Şahin” hərbi-idman oyunu keçirilir. Burada məqsədimiz məktəblilərin hərbi-fiziki və mənəvi-psixoloji durumunu yüksəltməklə, onların hərbi xidmətə hazırlanmasıdır. Oyunlara hər il 50 minədək məktəbli cəlb edilir. Bu istiqamətdə “Cəsurlar” hərbi-idman və turizm oyunu da nümunə göstərilə bilər.
İldən-ilə oyunların keyfiyyət göstəriciləri yüksəlir, komanda üzvlərinin hərbi-fiziki hazırlığı artırılır".

S.Məmmədova bildirib ki, gənclər üçün hərbi vətənpərvərlik ruhunda olan digər layihə “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin www.virtualkarabakh.az /com /net /info /org /co.uk veb səhifəsidir.

"Səhifəyə 2013-cü ilin dekabr ayından 2020-ci ilin iyul ayının 1-ə qədər olan dövrdə 15 442 672 ümumi baxış, 2 507 950 unikal istifadəçi daxil olması qeydə alınıb. Veb səhifəyə daxil olan insanların sayına görə ilk sırada olan 10 ölkə Azərbaycan, Türkiyə, ABŞ, Çin, Almaniya, Rusiya, Kanada, Ukrayna, Küveyt, Böyük Britaniyadır. Bu siyahıda Ermənistan 16-cı yerdədir.

Bundan əlavə, 2014-cü ildən etibarən həyata keçirilən “Tarixin canlı səhifələri” adlı festivalı, 2020-ci ilin aprel ayının 26-dan həyata keçirilən "Mənim Qəhrəmanım" adlı onlayn layihələri də unutmaq olmaz. Bu layihələrin məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.



Son olaraq Nazirlik tərəfindən Milli Orduya dəstək məqsədilə videoçarx hazırlayıb. Videoçarxda son bir neçə gündə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə düşmənin bəzi hərbi obyektlərinin ordumuz tərəfindən məhv edilməsinin görüntüləri yer alıb.

Bir sözlə, nazirlik tərəfindən həyata keçirilən bu layihələrin hər biri gənclərin vətənpərlik ruhunda yetişməsi üçün böyük rol oynayır. Hər bir layihəyə yüzlərlə, minlərlə gənc cəlb olunub, iştirak edib".



Aytən Zəhra
Azvision.az


Teqlər: Gənclər   Vətənpərvərlik  





Xəbər lenti