“Düşmənin məhv edilmiş hədəflərinin videosu var” - Polkovnik

 “Düşmənin məhv edilmiş hədəflərinin videosu var” -  Polkovnik
  19 İyul 2020    Oxunub:5825
Ermənistan Tovuz rayonu istiqamətində təxribat törətmək üçün əlverişli məqam gözləyirdi. Lakin düşmən təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən zamanında alındı.

Bunu Azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, bir neçə gün mövqe döyüşləri gedib, bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb:

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan zərbə nəticəsində düşmən öz təxribatını genişləndirə bilmədi. Bu gün vəziyyət nisbətən sakitləşib. Yenə də ermənilər çirkin əməllərindən əl çəkməsə, orada olan Silahlı Qüvvələrimiz tam döyüş vəziyyətində istənilən təxribata cavab verəcək. Bu gün əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır".

Ş.Ramaldanov bildirib ki, düşmən təxribatının qarşısı Tovuzdakı bölmələrimiz tərəfindən alınıb, əlavə qüvvəyə ehtiyac olmayıb.

"Nəticədə düşmənin komanda məntəqələri, texnika, radioelektron qurğuları, şəxsi heyəti məhv edildi. Ermənistan tərəfi çoxsaylı itkilərə məruz qaldı. Düşmənin dağıdılmış və məhv olmuş hədəfləri ilə bağlı videomateriallar var. Həmin kadrlar Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim olunub".

Polkovnik qeyd edib ki, düşmən hə zaman olduğu kimi bu döyüşlərdə də verdiyi itkiləri gizlətməyə çalışır:

"Bu, birinci Qarabağ müharibəsi, Aprel döyüşlərində də belə idi, indi də belədir. Ermənistan cəmiyyəti başa düşür ki, Azərbaycanın əsas məqsədi işğal edilmiş torpaqları azad etməkdir. Azərbaycan heç vaxt təxribat törətməyib, indiyədək bütün təxribatlar Ermənistan tərəfindən həyata keçirilib. Təxribat və atəşkəsin pozulması erməni tərəfindən edilir. Onlar itkilərini nə qədər gizlətsə də, alınmayacaq. Sosial şəbəkələrdə yayılan məlumatlar erməni cəmiyyətini ciddi narahat etməyə başlayıb. Sadə insanlar Paşinyan hakimiyyətindən narazıdırlar və bunu gizlətmirlər. Ermənistan hakimiyyəti xalqın qəzəbinə tuş gəlməmək üçün itkiləri gizlətməyə çalışır".

Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat  





Xəbər lenti