“Yenə həmin xainlərlə, qatillərlə savaşdayıq” - Əminə Ağazadə

“Yenə həmin xainlərlə, qatillərlə savaşdayıq” -    Əminə Ağazadə
  16 İyul 2020    Oxunub:6351
"Bir müddət əvvəl, dəqiq desək, 30 iyun 2020-ci il tarixində ATƏT PA-nın, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin tərkibində onlayn iclasda iştirak edirdim. Mövzu olaraq “COVID-19 pandemiyası dövründə terrorizmə qarşı mübarizədə parlament üzvlərinin rolu” konteksti seçilmişdi".
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əminə Ağazadə bildirib.

"Həmin iclasda həmkarım Tural Gəncəliyevlə birlikdə Ermənistan nümayəndə heyətinin ağ yalanlarını, heç bir etik qaydalara sığmayan həyasızlığını ifşa edəndə, onlara beynəlxalq ictimaiyyətin, istintaq materiallarının təsdiq etdiyi faktlarla cavab verəndə hesab edirdim ki, o gün, həmin o an düşmənlə üz-üzə səngərdəyəm, döyüşürəm, vuruşuram. Hesab edirdim ki, kamera qarşısında üzbəüz, təkbətək dayandığım düşmən təkcə mənim deyil, insanlığın, bəşəriyyətin, bütöv dünyanın düşmənidir və bu düşmən ifşa edilməli, yalanları üzə çıxarılmalı, törətdikləri cinayətlərdən ötrü bir millət olaraq bütün sivil dünya qarşısında cavab verməlidir.

Bu gün biz yenə də həmin xainlərlə, həmin qatillərlə savaşdayıq. Biz özünü terroçu kimi dünyaya tanıtmış bir toplumla qarşı-qarşıyayıq. Bura artıq statusu haqqında hələ də müzakirələr gedən "Dağlıq Qarabağ və ətraf rayonlar" deyil, bura artıq mənim Tovuzum,Tərtərimdir. Mülki əhalini top mərmilərinə nişan tutan, öz vətəndaşını belə hərbi hədəf ola biləcək ərazilərdə məskunlaşdıran bu düşmənin hər həmləsinə, hər hücumuna Azərbaycan əsgəri dəfələrlə ağır olan zərbələrlə cavab verir",- deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu bu günlərdə bütün dünyaya nümayiş etdirdi ki, Vətənin hər qarışı uğrunda əsgərlə birlikdə ordu generalı da səngərdə çiyin-çiyinədir:

"Dünya ictimaiyyəti ordudan qaçan erməni əsgərinin, dövlətinə qarğış yağdıran erməni valideynlərinin əksi olaraq göz yaşlarını gizlədib “Vətən sağ olsun” deyən Azərbaycan analarını, döyüş cəbhəsinə çağırışsız yollanan minlərlə Azərbaycan övladlarını gördü. Ölkə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə başsağlığı verdi, onlara səbr dilədi. On minlərlə insan şəhid övladlarının mənzillərinə axışdı, dərdlərinə şərik oldu. Dünən Şəhidlər Xiyabanının qarşısında toplaşan minlərlə azərbaycanlı, qocası, gənci, heç bir siyasi baxışlara fərq qoymadan dövlətinin, ordusunun yanında olduğunu bəyan edən ayrı-ayrı siyasi partiya mənsubları “Vətən”, “Savaş”, “Qarabağ” dedi. O insan seli bütün dünyaya bir daha nümayiş etdirdi ki, Ali Baş Komandanın hər an verə biləcəyi əmri səbirsizliklə gözləyir. Həmin o meydan bir daha sübut etdi ki, xalq öz rəhbərinin yanındadır, dərdi-ağrısı nə qədər böyük olsa da, acısndan sui-istifadə etməyə çalışanlara fürsət vermək fikrində deyil.

Mən bir anayam, bacıyam, gələcək bir əsgərin valideyniyəm. Mən bir döyüşçüyəm. Milllətimin, dövlətimin, xalqımın əsgəriyəm. Və mən dünən, bu gün döyüşdüyüm kimi, sabah da döyüşəcəyəm. Beynəlxalq tribunalardan, Milli Məclisdəki iş yerimdən, qələmim ilə. Savaşacağam, dünyaya yalan püskürən düşmənimlə də, Milli Məclisin foyesində “Allahu-Əkbər” qışqıran qaraguruhla da. Başın sağ olsun, Azərbaycan. Şəhidlərimizin ruhu şad olsun!".

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti