XİN-in 2013 hesabatı

XİN-in 2013 hesabatı
  19 Yanvar 2014    Oxunub:1343
Azərbaycan Xarici İşlər Nazirliyinin 2013-cü ilin yekunlarına dair mətbuat buraxılışı.

AzVision.az XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Son illərdə olduğu kimi, 2013-cü ildə də Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunları, Prezidentin və Nazirlər Kabinetinin fərman və sərəncamları, Azərbaycanın milli təhlükəsizlik konsepsiyası və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası, milli maraqlar və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında xarici siyasət fəaliyyətini həyata keçirib.

Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini ərazi bütövlüyümüzün bərpa edilməsi və beynəlxalq səviyyədə tanınan sərhədlərimizin qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, diplomatik vasitələrlə xaricdən gələn hədə və təhdidlərin qarşısının alınması, müasir dövrün çağırışlarının çevik və təsirli şəkildə cavablandırılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyasının inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması, respublikamızın beynəlxalq miqyasda nüfuzunun artırılması, xalqımızın zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr, beynəlxalq səviyyədə Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə, mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə töhfə verilməsi və beynəlxalq humanitar layihələrin dəstəklənməsi təşkil edib.

Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, davamlılıq, tarazlılıq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında yürüdülmüş və Azərbaycanın suveren, güclü, qətiyyətli, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin il ərzində xarici nümayəndə heyətləri ilə keçirdiyi çoxsaylı görüşlər, dövlət başçısının mötəbər beynəlxalq tədbirlərdə çıxışları, xarici siyasət fəaliyyətinin əsas istiqamətləri üzrə verdiyi təlimatlar və qarşıya qoyduğu vəzifə və tapşırıqlar, Litva, Ukrayna, Avstriya, Türkiyə, Belarus, Belçika, Monteneqro, Xorvatiya, İsveçrə və digər ölkələrə dövlət, rəsmi və işgüzar səfərləri, Türkiyə, Rusiya, Gürcüstan, Latviya, Belarus, Sloveniya, Serbiya, Makedoniya, Rumıniya, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Makedoniya və Litvanın dövlət və hökumət başçılarını, ATƏT, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katiblərini, BMT Baş Məclisinin 67-ci sessiyasının prezidenti, Avropa Şurasının Parlament Assambleyasının sədri, NATO-nun baş katibinin müavinləri və digər yüksək səviyyəli rəsmi şəxsləri Azərbaycanda qəbul etməsi ikitərəfli və çoxtərəfli əsasda xarici siyasət fəaliyyətinin strateji xətt üzrə uğurlu inkişafını təmin edib.

Prezident İlham Əliyevin səfərləri, habelə xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri, müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların 10-dan artıq iclası, eləcə də digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 30-dan artıq dövlətlə 90-dan çox ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilmişdir. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının dördüncü iclası keçirilmiş və bu yüksək səviyyəli tədbirlərin yekun sənədləri imzalanıb.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyaraq ölkəmiz il ərzində qurumun qeyri-daimi üzvü kimi aktiv fəaliyyətini davam etdirib, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayan və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.

Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirildi.

Azərbaycanın sədrliyi dövründə oktyabrın 3-9-da Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələr keçirmək üçün Təhlükəsizlik Şurasının üzvləri Afrikaya səfər edib.

Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub.

Azərbaycanın xarici siyasətinin gündəmində duran ən ümdə vəzifə Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığının, qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmalarının təmin edilməsi olub. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirib.

Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan verməyib. Ermənistan yalnız danışıqlar prosesi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi ilə deyil, eləcə də qoşunların təmas xəttində törətdiyi təxribatları, işğal olunan ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi və orada Azərbaycan xalqına aid maddi-mədəni və tarixi irsin viran edilməsi əməlləri ilə məqsədyönlü şəkildə vəziyyəti daha da gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə çalışdı.

Noyabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşüb.

İl ərzində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və bu təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə görüşlər keçirilib.

Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakı ilə yanaşı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı, münaqişənin bu prinsiplər əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini daha da artırmaq məqsədi ilə səylərini davam etdirib.

Münaqişənin həllinin əsasını təşkil edən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipləri BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası, Avropa Parlamenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz təsbitini tapıb.

Bu xüsusda aparılan ardıcıl səylərin nəticəsidir ki, fevralın 6-7-də Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında qəbul edilən yekun bəyannamədə dövlət və hökumət başçıları tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü il avqustun 16-da Qəbələdə keçirilmiş III Zirvə görüşündə qəbul edilmiş bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

2013-cü il oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qəbul edilmiş qətnamədə Avropa Parlamenti tərəfindən “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bir dövlətin digərinin ərazisinin işğal etməsinin “Şərq tərəfdaşlığı”nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılmış və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və ATƏT-in Minsk qrupunun 2009-cu il 10 iyul tarixli L’Akuila birgə bəyanatında ehtiva olunan baza prinsipləri əsasında həll edilməli olduğu vurğulayıb.

Dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in xarici işlər nazirləri şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və ”Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib.

Hesabat ilində Ermənistanın Azərbaycana qarşı təcavüzünün doğurduğu acı fəsadların, Azərbaycan xalqına qarşı törətdiyi qanlı etnik təmizləmə və soyqırımı siyasətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də uğurlu addımlar atılmışdır. Fevral ayında İƏT-in Qahirə şəhərində keçirilmiş zirvə toplantısında qəbul edilmiş yekun bəyannamədə İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və bu soyqırımı aktının milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilmişdir. Dekabrda Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş qətnamədə isə “Xocalıya ədalət!” kampaniyasına dəstək ifadə edən xüsusi bənd öz əksini tapmışdır. Xocalı soyqırımı Çexiya, Bosniya və Herseqovina, Peru parlamentlərinin, ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut və Florida ştatlarının qanunverici orqanlarının qəbul etdiyi sənədlərdə də pislənmişdir.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə il ərzində aparılan qanunsuz fəaliyyət nəzarətdə saxlanılmış, həmin ərazilərimizdə yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğinin və işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyətinin, ölkəmizin müvafiq qurumlarının icazəsi olmadan bu ərazilərimizə xarici ölkə vətəndaşlarının səfərlərinin qarşısının alınması istiqamətində iş davam etdirilib.

Oktyabrın 9-da keçirilmiş prezident seçkiləri hesabat ilində Azərbaycanın siyasi həyatında ən mühüm hadisə olmuşdur. Prezident seçkilərini 52 min yerli və 1300 əcnəbi müşahidəçi izləmişdir və Azərbaycan xalqı seçkilərdə sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə etmişdir. Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilib.

Seçki məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılıb və 12 min seçici qeydiyyata alınıb.

2013-cü il Azərbaycanın enerji siyasətinin daha da intensivləşməsi ilə səciyyələnib. Bu fəallıq ilk növbədə Azərbaycanın təbii qazının Avropaya nəql edilməsi üçün Şahdəniz konsorsiumu tərəfindən ixrac marşrutunun seçilməsi və ona dair investisiya qərarının verilməsi ilə əlaqədar olmuşdur. Dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur. Mərasimdə Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumu və “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalanıb.

İl ərzində Türkiyə, Gürcüstan, Norveç, Slovakiya, Rumıniya, Yunanıstan, Bosniya və Herseqovina, Belarus, Banqladeş, Kolumbiya, Ukrayna, Misir, Fələstin, Küveyt, Litva və Qambiyanın xarici işlər nazirləri Azərbaycana rəsmi və işgüzar səfərlər etmiş, müxtəlif dövlətlərlə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr aparılıb, siyasi-iqtisadi, humanitar, hərbi-siyasi, təhlükəsizlik, müdafiə, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə müvafiq işlər görülüb, təhlükəsizlik dialoqları təşkil edilmiş və bir sıra ölkələrlə keçirilmiş yüksək və işçi səviyyəli görüşlər aidiyyəti üzrə əlaqələndirilib.

28 fevral - 1 mart tarixlərində Qəbələ radiolokasiya stansiyasının (RLS Dəryal) bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, onun daşınar və daşınmaz əmlakının inventarlaşdırılması və təhvil-təslim edilməsinin həyata keçirilməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyasının iclası keçirilmiş, Rusiya və Azərbaycan arasında təhvil-təslim aktları imzalanmışdır.
Mayın 14-15-də Moskva Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ilk iclası keçirilmişdir. İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ilk iclasının Protokolu və Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında Əsasnamə imzalanıb.

Dekabrın 16-17-də Bakıda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Sərhəd məsələləri üzrə Müştərək Komissiyanın ilk iclası keçirilib.

Qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, dost və tərəfdaş ölkələrə sərmayələrin yatırılmasının təşviqi, ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların Azərbaycana cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdən biri olub. Ölkə iqtisadiyyatının cəlbediciliyinin xaricdə təmsil olunması məqsədilə 20-yə yaxın biznes forum keçirilib.

İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığı daha da dərinləşmiş, Avropa İttifaqı, ərəb-İslam dünyası, Şimali Amerika, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf etmiş, Latın Amerikası, Afrika, Avstraliya və Okeaniyada tərəfdaşlarının sayı artıb.

Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi BMT TŞ ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, eləcə də Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, UNESCO və İSESCO və digər bu kimi universal və regional beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və əməkdaşlığın səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır. Azərbaycan Amerika Dövlətləri Təşkilatı, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və müşahidəçi statusuna malik olduğu digər beynəlxalq təşkilatlarla da faydalı əməkdaşlığını davam etdirib.

Azərbaycan 2013-cü ildə BMT Baş Məclisinin də işində fəal iştirak etmişdir. Xarici işlər naziri Elmar Məmmədyarov Baş Məclisin 68-ci sessiyasının ümumi müzakirələrində çıxış edib.

2013-cü il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Azərbaycan tərəfindən uğurla həyata keçirilib.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirib.

İyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor konfransının və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisat konfransı keçirilmişdir. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan daxil olmaqla bir sıra ölkələr tərəfindən maliyyə yardımı ayrılmışdır. Azərbaycan Respublikası 5 milyon ABŞ dolları həcmində yardım ayırıb.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində 2014-cü ilin may-noyabr aylarında edəcəyi sədrliyə hazırlıq prosesinə xüsusi diqqət ayrılıb. Bu xüsusda, Azərbaycan noyabr ayından etibarən Nazirlər Komitəsi troykasının üzvü kimi fəaliyyət göstərmiş və Nümayəndələr Komitəsinin insan hüquqları görüşlərinə sədrlik edib.

Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında yaxından iştirak edərək “Şərq tərəfdaşlığı”nın noyabrın 29-da Vilnüsdə keçirilmiş zirvə toplantısında təmsil olunmuşdur. Zirvə toplantısı çərçivəsində Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmışdır. Aİ ilə Azərbaycan arasında Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamə və konkret əməkdaşlıq sahələrinin əks olunduğu Əlavə dekabrın 5-də Brüsseldə imzalanmışdır. Readmissiya haqqında sazişin isə 2014-cü ilin əvvəllərində imzalanması nəzərdə tutulur.

NATO ilə əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı, Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və təhlil prosesi çərçivəsində uğurla davam etdirilmişdir. Azərbaycan Respublikası mayın 22-23-də təhlükəsizlik çağırışları üzrə NATO-nun tərəfdaşlıq konfransına ev sahibliyi etmişdir. İl ərzində Azərbaycan Respublikası NATO-nun rəhbərliyi ilə Əfqanıstanda aparılan İSAF əməliyyatına töhfəsini davam etdirmiş və əlverişli hava və quru tranziti imkanları yaradıb. Azərbaycan eləcə də Əfqanıstana müxtəlif təlim proqramları, humanitar layihələr, mina təmizləmə, təhsil və kadr hazırlığı vasitəsilə yardımlar edib.

Azərbaycan UNESCO-nun bir neçə mühüm tədbirinə ev sahibliyi edib. Dekabrın 2-8-də Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilmiş və nəticədə Azərbaycanın Komitəyə təqdim etdiyi “Çövkən - Azərbaycan Respublikasında ənənəvi Qarabağ atüstü oyunu” nominasiyası UNESCO-nun Təcili Qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

İyul ayında “Azərbaycan Hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır.
Azərbaycan UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin 8-ci sessiyası çərçivəsində komitə bürosunun vitse-prezidenti qismində üzv seçilmiş və sessiyada ölkəmizin işğal olunan ərazilərində mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib.

ATƏT-in Daimi Şurasının 2013-cü il 26 iyul tarixli qərarı ilə 2014-cü il yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisinin mandatı dəyişdirilmiş, ofis ATƏT-in Bakıda layihə əlaqələndiricisi mandatı alıb.

Azərbaycan beynəlxalq təşkilatların seçkili orqanlarına öz namizədliyini fəal şəkildə irəli sürməkdə davam edib. Ölkəmiz Avropa qrupundan Ümumdünya Turizm Təşkilatının İcra Şurasının 2013-2017-ci illər üzrə üzvlüyünə seçilib.

Ölkəmiz Xəzər dənizi məsələləri ilə bağlı keçirilmiş çoxsaylı görüşlər və tədbirlərdə iştirak etmiş, müxtəlif məsələlər üzrə əsaslandırılmış mövqeyini ortaya qoymuşdur. Sentyabrın 11-12-də Bakıda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın razılaşdırılması üzrə xüsusi işçi qrupunun növbəti iclası keçirilmiş və konvensiya layihəsi üzərində müzakirələr aparılıb.

Hesabat ilində müasir dövrün çağırışlarının cavablandırılması, hədə və təhdidlərin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsində fəal rol oynayan Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviqi, terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, tərksilah və silahlara nəzarət rejimlərinin gücləndirilməsi, ətraf mühit və ekologiya, iqlim dəyişikliyi və yoxsulluq problemlərinin həlli və davamlı inkişafın təmin olunması təşəbbüslərinə öz töhfəsini vermiş və bu mövzular üzrə aparılan müzakirələrdə fəal iştirak edib.

Mədəniyyətlərarası dialoqun inkişafının nəzərdə tutulduğu və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı prosesi”nin davamı çərçivəsində 29 may -1 iyun tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəyi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2013-cü il 31 oktyabr -1 noyabr tarixlərində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilib.

Azərbaycan Respublikası beynəlxalq aləmdə terrorçuluğa qarşı mübarizə sahəsində siyasi həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi məqsədi ilə martın 18-19-da Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinə dair beynəlxalq konfransa ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmiş və geniş nitqlə çıxış edib.

Kütləvi qırğın silahlarının və aidiyyəti texnologiyaların, yüngül və atıcı silahların yayılması ilə mübarizə istiqamətində çoxtərəfli və ikitərəfli əməkdaşlıq çərçivəsində fəaliyyətlər, xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı, BMT-nin aidiyyəti qurumları, nüvə terrorçuluğu ilə mübarizə üzrə qlobal təşəbbüs və digər bu kimi təsisatlarla əməkdaşlıq davam etdirilib.

Davamlı inkişafa töhfə vermək məqsədi daşıyan və Azərbaycanın təşəbbüskarı olduğu “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin tərkib hissəsi kimi sentyabrın 4-də BMT Baş Məclisinin 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barəsində qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin nəzdində təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) beynəlxalq humanitar və yardım layihələrinin və davamlı inkişafa xidmət edən layihələrin sayını artırıb. Xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində Fələstin, Sent Vinsent və Qrendadan olan tələbələr Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıblar.

Anqola, Əlcəzair, Çad, Kamerun, Fil dişi sahili, Liviya, Mavritaniya, Misir, Nigeriya, Sudan, Kolumbiya, Vyetnam, Oman, Küveyt və digər dövlətlərin mütəxəssisləri üçün neft-qaz istehsalı üzrə ixtisasartırma kursları təşkil edilib. Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verilib, Fələstinə, Bosniya və Herseqovinaya, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Etimad Fonduna, Qara dəniz - Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Fonduna, BMT-nin Vyana ofisinin dəstəklənməsi layihəsinə maliyyə və texniki yardımlar edilib. Panama, Qvineya Bissau və Filippində baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün humanitar və maliyyə yardımları edilmiş, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin İnsan Alveri Qurbanlarına Könüllü Yardım Fonduna və Beynəlxalq Qırmızı Xaç Komitəsinə könüllü ianələr verilib.

“Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində 2013-cü ildə Mali, Liviya, Niger, Çad, Benin, Burkina Faso, Kamerun, Cibuti və Qvineyada uğurlu layihələr həyata keçirilmiş və on minlərlə insan ödənişsiz əsasda göz müayinəsi edilmiş, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 3000-dən çox şəxsin görmə qabiliyyəti bərpa edilib.

İl ərzində Azərbaycan Diplomatik Akademiyası, hazırkı “ADA” Universiteti həyata keçirdiyi tədris və təlim proqramlarını daha da genişləndirmiş və tədricən universitetə çevrilmə prosesini davam etdirmişdir. “ADA”nın dünyanın aparıcı ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələri, təcrübə və tələbə mübadilə proqramları artmışdır. Nüfuzlu ali təhsil müəssisəsi kimi Azərbaycan vətəndaşları ilə bərabər, xarici tələbələr tərəfindən də “ADA”ya maraq artmışdır. “ADA”da tələbələrin ümumi sayı 700-ə çatmışdır. Hazırda universitetdə 20-dən artıq ölkədən 40-dan çox beynəlxalq tələbə təhsil alır.

İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil edib.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində aparılmış iş nəticəsində il ərzində bir sıra ölkələrlə diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi, Avropa İttifaqı ilə isə viza sadələşdirilməsi haqqında sazişlər imzalanıb.

2013-cü ildən Azərbaycan Respublikasının Avstraliya İttifaqında, Vyetnam Sosialist Respublikasında səfirlikləri, Çexiya Respublikasının Karlovı Varı, Rumıniyanın şəhərlərində fəxri konsulluqları fəaliyyət göstərməyə başlayıb.

Ötən ildən, həmçinin Azərbaycan Respublikasında Sudan Respublikasının səfirliyi, Monteneqronun fəxri konsulluğu, Gürcüstanın Gəncə şəhərində baş konsulluğu fəaliyyət göstərməyə başladı.

Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli əsasda uğurlu xarici siyasəti 2014-cü ildə də davam etdiriləcək.


Teqlər:





Xəbər lenti