Azərbaycan gənclərinə müraciət qəbul olunub

Azərbaycan gənclərinə müraciət qəbul olunub
  15 İyul 2020    Oxunub:1968
İyulun 15-də Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə keçirilən və ölkənin aparıcı gənclər təşkilatlarının qatıldığı onlayn konfransda Ermənistanın Azərbaycana qarşı təxribatı, sərhədboyu ərazidə gedən döyüşlərlə bağlı müzakirələr aparılıb.
Fonddan Azvision.az -a bildirilib ki, onlayn konfransın sonunda Azərbaycan gənclərinə müraciət qəbul edilib.

“Əziz gənclər, Vətənin sizə ehtiyacı var. Bu məsuliyyətli məqamda düşmənə Azərbaycan gəncinin gücünü, vətənpərvərliyini, dövlətçiliyini və həmrəyliyini nümayiş etdir!” sözləri ilə başlayan müraciətdə gənclərimizin “Hər şey vətən üçün!” şüarı altında yumruq kimi birləşərək heç bir qüvvənin sabitliyimizi və ərazi bütövlüyümüzü təhdid edə bilməyəcəyini bütün dünyaya göstərmələrinin önəmi vurğulanıb. Qətiyyətlə bildirilib ki, qeyri-sağlam xülyalarla yaşayanların arzusunu puç olmağa məhkumdur.

Həmçinin müraciətdə diqqətə çatdırılıb ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatının qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınır, mənfur düşmənə qarşı sərt cəza tədbirləri görülür, onun canlı qüvvəsi və texnikası məhv edilir. Qəhrəman əsgər və zabitlər, həmçinin bölgədə yaşayan mülki əhali arasında da şəhidlərimiz var. Əlbəttə ki, onların qanı yerdə qalmır, şəhid olmuş hər bir vətəndaşımızın əvəzinə onlarla düşmən əsgəri məhv edilməlidir və edilir.

“Biz bilirik ki, ordumuzun rəşadəti və vətəndaşlarımızın mətanətli dirənişi düşmən tərəfdə təşviş yaradır. Həm də əminik ki, son günlərdə bütün şəhər və rayonlarımızda ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə on minlərlə, yüz minlərlə insanın, əsasən də siz - gənclərin yaratdığı coşqu, xalqımızın ordu və Ali Baş Komandanla birliyi, cəmiyyətimizdə hökm sürən yüksək vətənpərvərlik ruhu düşmən üçün ən böyük göz dağı oldu!

Lakin erməni xislətini, onun mənfur və hiyləgər obrazını unutmayaq! Düşmən təxribatının məqsədi yalnız sərhəddə vəziyyətin gərginləşməsi deyil. Onun ən böyük arzusu ölkəmizdə iğtişaşlar, vətəndaş qarşıdurması yaratmaqla dövlətin diqqətini cəbhədən yayındırmaq, silahlı qüvvələrin yüksək döyüş əhval-ruhiyyəsini sarsıtmaq, ölkə rəhbərliyinə, ordu komandanlığına və əsgərimizə qarşı inamsızlıq yaratmaqdır. Buna əsla imkan vermək olmaz! Heç bir dezinformasiya, saxta çağırış, təxribat bizim dəmir iradəmizi və etimadımızı sarsıtmamalıdır, əsl məqsəd və amalımızdan yayındırmamalıdır!”, - deyə müraciətdə vurğulanıb.

Konfransda qəbul edilən müraciətdə, həmçinin bildirilib ki, dövlətimiz düşmənin sərhəd bölgələrində və cəbhə xəttində törətdiyi təxribatın qarşısını almağa qadir olduğu kimi, onun niyyətlərini ölkə daxilində həyata keçirmək istəyən qüvvələrin də hərəkətlərinin qarşısını qətiyyətlə almağa qadirdir və bunu edəcəkdir. Bizim üzərimizə düşən əsas iş isə dövlətimizin, Prezidentimizin yanında olduğumuzu nümayiş etdirməkdir.

Ölkə daxilində gərginliyin yaradılması, yeni cəbhənin açılması, iğtişaş ocağının alovlandırılması isə ancaq düşmənlərimizin məqsədlərinə xidmət edə bilər. Bu gün beynəlxalq ictimaiyyət, dost və düşmən, hər kəs Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında nə qədər sıx birləşdiyini görməlidirlər. Ordumuzun gözü arxa cəbhədə qalmamalıdır. Onlar öz ailələrini, övladlarını, valideynlərini, yaxınlarını bizə əmanət edib, vətənimizin keşiyində gecə-gündüz düşmənə sinə gəlməkdədirlər.

Biz ölkənin bütün gənclər təşkilatları adından bir daha gəncləri həmrəyliyə, təmkinli olmağa və təxribatlara uymamağa, əksinə onları ifşa etməyə, bilik, güc və enerjilərindən istifadə edərək sosial şəbəkələrdə düşmənlə mübarizəyə qoşulmağa çağırırıq.

Hər birimizin ürəyi düşmənlə təmas xəttində xidmət keçən əsgər və zabitlərimizlə, şəhid olan qardaşlarımızın valideynləri, övladları ilə birlikdə döyünür. İnanırıq ki, Ali Baş Komandanın dəmir iradəsi, şərəfli Azərbaycan Ordusunun gücü ilə düşmənə sarsıdıcı zərbələr davam edəcək.

#Hər şey vətən üçün!

#Allah qəhrəman əsgərimizi qorusun, onun gücünə güc qatsın!

#Ali Baş Komandanın əmrinə hazırıq!

#10 milyon insan – 10 milyon əsgər!

#Biz birlikdə güclüyük!”

Azvision.az


Teqlər: Fond   Müraciət  





Xəbər lenti