Mərsiyəçilik bizlik deyil!
Lakin sonda Milli Məclis təxribatı kimi əməllər də gözlənilən idi, çünki ölkəmizdə hər fürsətdə iğtişaş törətmək arzusunda olan xarici qüvvə əlaltıları və onlara ağılsızca qoşulmağa hazır olan adamlar da çoxdur. Buna görə onların sondakı təxribatını törətmək istədikləri irimiqyaslı bir faciənin baş tutmamış, dərhal söndürülmüş düşmənçilik ocağı kimi də qiymətləndirmək olar.
Bütün bunlarla bərabər, təxribatçılar həmin görüntülər vasitəsilə aşkar olunaraq, ifşa edilməli və müvafiq cinayət məcəlləsi üzrə cəzalandırılmalıdır.
Bir də bu gərgin və həssas durumdan istifadə edərək, reklam tutmağa çalışan səviyyəsiz adamlarımız var. Ey, şəhid atasının arxasında bayrağa bürünüb guya ağlayırmış kimi poz verən, bu vəziyyətdə fotolar çəkdirib paylaşan gənc, anlayırsanmı, sənin bu saxta, əzgin, miskin görüntün ölkəmiz, xalqımız üçün nə qədər mənəvi zərbədi? Təxminən, həmin şəhid oğlumuzla yaşıdsan, könüllü surətdə cəbhəyə yazılan vaxtındır. Qürurumuza mərsiyə qataraq fars üslubunda ağlaşma qurub milləti ruhdan salmağa nə haqqın var? Həm də saxta hərəkətlərlə!
Sosial şəbəkə "şirlərinin" arasında general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyevin cəbhədə qəhrəmancasına şəhid olmasını ordumuzun səriştəsizliyi, faciəsi kimi qələmə verən daxili düşmənlər də az deyil. Bu məkrli görəvlilər sadə xalqın məlumatsızlığından istifadə edərək, bilərəkdən məğlubiyət əhval-ruhiyyəsi yaradırlar. Qara təbliğat nəticəsində panikaya meyilli insanların təsəvvürünə 1941-ci ilin tozanağı, əlinə “Kalaşnikov” götürmüş bir generalın səngərdən çıxaraq düşmənə hücum çəkməsi və öldürülməsi canlanır.
Əzizlərim, indiki müasir hərbi texnologiya həm texniki, həm də canlı insan qüvvəsini yerləşdiyi məkana, insanların üz cizgilərinə qədər dəqiqliyi ilə təyin edə bilir. Hərbçilərimiz qərargahda olduqları zaman yaxud döyüşərkən də hədəfə alına bilərdi. Belə bir texnologiya hiyləgər və namərd düşmənin əlinə keçibsə, bu fürsəti buraxarlarmı? Yəni, yeni hərbi texnologiyanın, raket müharibəsinin imkanlarını təsəvvürünə gətirə bilməyən sadəlövh adamların arasında da "generalı daxili xəyanətkarlar satdı" şaiyəsi yayıb Milli Ordumuzun qüdrətini qəsdən şübhə altına almaq istəyənlər də çox oldu.
Yeri gəlmişkən, sosial şəbəkələrdə aktiv işləyən erməni-fars agentləri hazırda poliqona çevrilən Tovuz rayonunun sərhədyanı kəndlərinin yaşlı, qadın və uşaq sakinlərinin müvəqqəti olaraq, döyüş zonasından uzaqlaşdırılmasını, kəndlərdə qalan döyüş qabiliyətli kişilərin daha əzmlə döyüşə hazırlaşmasını qara rəngə boyayaraq, “kəndin boşalması” kimi qələmə verirlər. Halbuki, əziz oxucular və jurnalist həmkarlarım! Vətənimizin bu həssas dönəmində hər birinizi ayıq olmağa, düşmənin propaqandasına uymamağa, Müdafiə Nazirliyinin təsdiqləmədiyi hər hansı informasiyanı tirajlamamağa, əhali arasında bilərəkdən çaşqınlıq və inamsızlıq yaradan adamları yerindəcə susdurmağa çağırıram!
Hər birimizi vətəndaş məsuliyyətimizi dərk edərək, qaramat qoxuyan feyk xəbərlərlə, şüvənçilik kampaniyası ilə millətimizi sarsıtmaq, erməni tərəfini ruhlandırmaq missiyasını yerinə yetirən xalq düşmənlərinin səhifələrini, sosial şəbəkə hesablarını şikayət etməyə, bütün addımlarımızla düşmənin daxildən parçalama siyasətini iflasa uğratmağa çağırıram! Əsgərini son mənzilə ağlaşma, mərsiyə ilə yox, alqışlarla, marşla yola salan xalq məğlub ola bilməz. Güclü, pozitiv və inamlı olsaq, əsgərimiz arxasında yenilməz bir xalqın olduğunu görsə qələbə sözsüz bizim olacaq!
Murad Köhnəqala
Azvision.az üçün
Teqlər: