“Azərbaycana qarşı məkrli planın qarşısı alındı” - Azay Quliyev

“Azərbaycana qarşı məkrli planın qarşısı alındı” -  Azay Quliyev
  15 İyul 2020    Oxunub:4852
"Dünən gecə Azərbaycan xalqına və dövlətinə qarşı hazırlanmış çox məkrli bir planın qarşısı alındı".
Bunu Azvision.az -a Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, ərazilərimizin işğaldan azad olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşmək istəyən, ordumuza coşqulu dəstək verən, şəhidlərimizin ruhunu uca tutan və düşmənə gözdağı olan minlərlə vətənpərvər insanımız dünən küçələrə axışaraq ümummilli həmrəylik nümayiş etdirdilər, işğalla barışmayacaqlarını və vətən müharibəsində dövlətə hər cür dəstək verməyə hazır olduqlarını bildirdilər:

"Epidemoloji vəziyyətin ağır olmasına baxmayaraq Azərbaycan polisi nəinki bu aksiyanın qarşısını almadı, əksinə onun təhlükəsizliyini təmin edərək yol boyu şəhidlər xiyabanına və parlament bunasının qarşısına kimi müşahidə etdi, bəzən də vətəndaşlara qoşulub milli şüarlar səsləndirərək onlara dəstək verdi. Belə bir mənzərəni görmək həqiətən qürurverici idi. Lakin təəssüflər olsun ki, dövlətə və orduya bu cür coşqulu dəstək aksiyasından ciddi təşvişə düşən düşmənlərimiz dərhal hərəkətə keçərək öz təxribatçı qüvvələrini insanların arasına yeritdilər, dünyaya və işğalçı ermənistana sərt mesajları çatdırmağa və milli birliyi nümayiş etdirməyə nail olan vətənpərvər insanların duyğularını istisamar edərək onları aksiya başa çatdıqdan sonra dağılışmağa qoymadılar, gecə saat 04 radələrinə kimi Parlament binasının qarşısında saxladılar, dövlət rəsmilərinin və polisin çox nəzakətlə “dağılışın” xahişinə əməl etmədilər. Sonra özlərinin məkrli və təhlükəli planının işə salaraq parlament binasına zorla daxil olaraq aksiyanı dövlətin əleyhinə yönəltməyə, polisə qarşı güc tətbiq etməyə və iğtişaş yaratmağa cəhd etdilər.

Bizim üçün tanış olan bu planın məqsədi 90-cı illərin əvvəllərində olduğu kimi Bakıda siyasi böhran və hərci-mərcilik yaratmaq, diqqəti və bütün resursları cəbhədən paytaxta yönəltmək və millətimizə növbəti faciələri yaşatmaqdan ibarət idi. Dövlətimizin soyuqqanlı və peşəkar davranışı düşmənlərin bu planını darmadağın etdi. Xalqımıza qarşı hazırlanmış çox təhlükəli və məkrli bir ssenarinin qarşısı alındı. Dövlət öz gücünü və sayıqlığını nümayiş etdirərək düşmənlərimizi sevinməyə qoymadı və onları bir daha məyus etdi. Heç şübhəsiz ki, hüquq-mühafizə orqanları ordumuzun işğalçı ermənistana qarşı hərbi əməlliyatlar apardığı bir vaxtda milli maraqlarımıza, xalqımızın birliyinə və bütövlüyünə qarşı qəsd edənlərin, şəhidlərin müqəddəs ruhuna hörmətsizlik göstərənlərin kimliyini və onların arxasında duran qüvvələri tezliklə müəyyənləşdirəcək və onlar haqq etdikləri ən ağır cəzanı alacaqlar".

A.Quliyev Azərbaycan polisinə göstərdiyi səbr və təmkinə, yüksək vətənpərvərliyə və eyni zamanda peşəkarlığa görə təşəkkür edib:

"Ümid edirəm ki, bundan sonra bu cür aksiyalara imkan verilməyəcək və hazırkı şəraitdə müharibənin diqtə etdiyi şərtlər mütləq nəzərə alınacaqdır.İndi əsas diqqətimizi tam olaraq cəbhəyə yönəldə bilərik. Xalq və cəmiyyət olaraq bundan sonrakı əsas vəzifəmiz milli birliyimiz və bütövlüyümüz üçün var gücümüzlə çalışmaq, Ali Baş Komandanın ətrafında sıx birləşərək işğal olunmuş torpaqlarımızın azadlığını təmin edəcək o möhtəşəm qələbəni yaxınlaşdırmaq, dövlətimizi hər cür təxribat və təzyiqlərdən qorumaqdan ibarətdir. Allah yar və yardımçımız olsun!"

Azvision.az


Teqlər: Deputat   Azay-Quliyev  





Xəbər lenti