Kamal Cəfərov: “Bu təxribatı törədənlər cəzalandırılmalıdır”

  Kamal Cəfərov:  “Bu təxribatı törədənlər cəzalandırılmalıdır”
  15 İyul 2020    Oxunub:4542
"Dünən bütün dünyaya göstərdik ki, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəsdə, hər vətəndaşda müstəqil Azərbaycan dövlətini qorumaq, müdafiə etmək hissi hər şeydən güclüdür. Dünən bütün dünya iqtidar-xalq birliyinin gücünü, xalqın orduya etimadını, dəstəyini gördü. Şübhəsiz ki, biz bununla fəxr etməliyik".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, polislər və əsgərlərimiz də bu nümayişə dəstək verib, yolları açıb, nümayişçilərin təhlükəsizliyini təmin edib:

"Lakin bir qrup provakator xüsusi mühafizə olunan dövlət obyektinə qanunsuz olaraq daxil oldu, dövlət qurumunun inzibati binasını zəbt etməyə çalışdılar. Düşündülər ki, Qarabağa gedən yol Milli Məclisdən keçir. Onları sərhəddə və daxildə qoruyan əsgər və polislərin nəqliyyat vasitələrini aşırıb, zərər yetirdilər. Jurnalistləri döydülər. Bununla da həmin şəxslər bizləri müdafiə edərkən şəhid olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik etdilər. Buradan Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edirəm ki, təhlükəsizlik kamerlarından istifadə edərək həmin provakatorları müəyyənləşdirib, cəzalandırsınlar. Eyni zamanda dünən bəzi şəxslər də sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar və şərhlər paylaşırdılar. Məlum oldu ki, diviziya ilə bağlı saxta məlumat paylaşan erməni imiş. Fitnə yayan və valideynləri erməni olanların cavabını isə elə həmin şəxslərin statusların altında Azərbaycan gəncləri verib.

Sosial şəbəkələrdə yekun ictimai rəy ondan ibarətdir ki, dünənki provakatorların fəaliyyəti birmənalı pislənir, polisin fəaliyyəti dəstəklənir və ölkəmizdə xalq-iqtidar birliyi, orduya dəstək hissiyatı çox güclüdür".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Kamal-Cəfərov  





Xəbər lenti