YAP-dan orduya dəstək yürüşündəki təxribata münasibət

YAP-dan orduya dəstək yürüşündəki təxribata münasibət
  15 İyul 2020    Oxunub:3348
Dünən gənclərin Bakı küçələrində Azərbaycan Ordusuna, əsgərlərimizə dəstək məqsədilə keçirdiyi yürüş möhtəşəm idi. Bu, xalqın öz ordusu ilə fəxr etdiyini, gənclərin bu gün döyüşə getmək arzusunu ortaya qoyduğunu göstərir. Karantin dövründə insanların toplaşması koronavirusa yoluxma sayında artım yarada bilər, amma gənclərimiz bunu düşünmədi.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, YAP funksioneri Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bununla biz dünyaya göstərdik ki, torpaqlarımızı müdafiə üçün xalqımız həmişə ayaqdadır. Təəssüf ki, yürüşə qara yaxmaq istəyənlər də tapıldı.

"Dünən bir qrup təxribatçının Milli Məclisin binasına daxil olması, polis maşınını yararsız hala salması, polisin haqlı tələblərinə tabe olmaq istəməməsi göstərdi ki, bu yürüşü başqa səmtə yönəltmək istəyənlər var. Şübhəsiz ki, onlar qanun qarşısında cavab verəcəklər. Xalqın saf istəyini pozmaq istəyənlər, buna özünün siyasi çalarını qatmaq istəyənlər ifşa ediləcək. Bu gün bizim bir düşmənimiz var - o da Ermənistandır. Onun Azərbaycan torpaqlarına, Azərbaycan xalqına qarşı apardığı müharibəyə ordumuz layiqincə cavab verir. Cəbhə bölgəsində əsgərdən tutmuş generala qədər hər kəsin səngərdə döyüşdə olması buna əyani sübutdur. Hesab edirəm ki, Azərbaycan xalqının orduya dəstək üçün ortaya qoyduğu iradəsini heç kim başqa səmtə yönəldə bilməyəcək".

A.Mirzəzadə qeyd edib ki, orduya dəstək yürüşü xalqın öz təşəbbüsü ilə həyata keçirilib.

"Yürüşün marşurutu bilinmirdi. Gənclər şəhərin mərkəzinə yürüş etdi. Sonra ayrı-ayrı qruplara dağılaraq yürüş etdilər. Burada söhbət qısa zamanda yürüşün başa çatması idi. Ancaq bir qrup şəxsin parlament binasına özbaşına daxil olması aksiyanın başqa səmtə yönəltdiyini göstərdi. Milli Məclis binası gecə vaxtı hüquq-mühafizə orqanları tərəfindən qorunur. Rəhbər işçilər həmişə xalqla birlikdədir, xalqın arasındadır. Xalqın istəyinə uyğun olaraq hərəkət edirlər".

Qeyd edək ki, dünən Bakıda minlərlə gəncin iştirakı ilə orduya dəstək yürüşü keçirilib. Yürüşə qatılan bir qrup şəxs gecə saatlarında təxribata əl atıb. Belə ki, həmin şəxslər bir polis avtomobilinə ziyan vurub, qanunsuz olaraq Milli Məclisin binasına daxil olublar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Şəhid   Yürüş   Təxribat  





Xəbər lenti