Nazirlərin videokonfrans formatında görüşü olub
İnvestisiya sahəsində əməkdaşlıq imkanları barədə danışan E.Məmmədyarov üç ölkə arasında hüquqi bazanın gücləndirilməsinin də vacib olduğunu qeyd edib, bu məqsədlə yaxın zamanda investisiyaların təşviqi məqsədilə lazımi sənədlərin təşəbbüs edilməsini də təklif edib. Nazir üçtərəfli formatda əməkdaşlığın və əldə ediləcək nəticələrin müzakirəsi məqsədilə gələcək addımlar barədə fikirlərini bölüşərək, təkliflərini təqdim edib.
Azərbaycan Xarici İşlər nazirinin təkliflərini dəstəkləyən Türkmənistan Baş Nazirinin müavini və Xarici İşlər naziri Rəşid Meredov üçtərəfli təmasların dövlət başçıları, xarici işlər nazirləri və digər formatlarda mütəmadi olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ölkəsinin ikitərəfli əsasda Azərbaycanla və Əfqanıstanla yaxşı iqtisadi əlaqələri olduğunu bildirib, üçtərəfli əsasda əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyinə əminliyini vurğulayıb. Nəqliyyat sahəsinin xüsusi əhəmiyyət kəsb etməsi barədə Azərbaycan nazirinin fikrini dəstəkləyən R.Meredov nəqliyyat dəhlizlərində tarif və prosedurların daha rəqabət qabiliyyətli olmasının zəruriliyini, bu istiqamətdə aidiyyəti qurumların iştirakı ilə müzakirələrin vacibliyini qeyd edib.
Əfqanıstan Xarici İşlər naziri Məhəmməd Hənif Atmar əməkdaşlıq istiqamətləri və növbəti tədbirlərlə bağlı həmkarlarının fikrini dəstəkləyib, Əfqanıstanın tərəfdaş ölkələrlə qeyd olunan sahələrdə birgə tədbirlər görməkdə maraqlı olduğunu bildirib. Nazir Əfqanıstanda istehsal olunan məhsulların ixracı, sərmayə qoyuluşu, tranzit əməliyyatlarının sadələşdirilməsi, regional bağlantıların gücləndirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb və bu sahələrdə birgə səylərin göstərilməsinin arzu olunduğunu ifadə edib.
Tərəflər yaxın zamanda üç ölkənin nəqliyyat sahəsinə aid qurumları arasında görüşün təşkili və müvafiq istiqamətdə əməkdaşlıq məsələlərinin müzakirəsi barədə razılıq əldə ediblər.
Azvision.az
Teqlər: XİN