Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı

 Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
  14 İyul 2020    Oxunub:4241
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.
XİN-in Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.

Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu qeyd edən E. Məmmədyarov məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmaması durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib.

Nazir Mövlud Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov   Çavuşoğlu  





Xəbər lenti