“Ermənilər dezinformasiya yayır, diqqətli olmalıyıq” - Nurlan Həsənov

  13 İyul 2020    Oxunub : 3317
   “Ermənilər dezinformasiya yayır, diqqətli olmalıyıq” -    Nurlan Həsənov
"Ermənistanda hakimiyyət dəyişsə də, işğalçılıq ruhu yenə qalıb".
Azvision.az xəbər verir ki, bunu deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək yerinə, işğalçı siyasətini davam etdirərək, Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.

"Görünür ki, Aprel döyüşlərində işğalçılar az dərs alıb. Müdafiə Nazirliyinin məlumatına əsasən, əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Bütün bu olanlar sübut edir ki, son dövrdə münaqişənin diplomatik həlli istiqamətində Azərbaycanın mövqeyinin daha da gücləndiyini nəzərə alan Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan torpaqlarını güc yolu ilə işğalda saxlamaqdır.

Son baş verənlər barədə bir çox xarici mediada xəbərlər paylaşılır. Çıxan xəbərləri izləyirəm. Ermənistan bir çox tərəfli xəbər portalları, sosial şəbəkələr vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar paylaşır. Hətta, sosial şəbəkələrdə bizim dilimizdə dezinformasiya yaya bilirlər. Diqqətli olmalıyıq. Sakitliyimizi qorumalı, səbrli olmalı, ən əsası hamılıqlı Azərbaycan əsgəri ilə birlik nümayiş etdirməliyik. Çaşqınlıq, bölücülük, qarışıqlıq salmaq istəyənlər isə gec tez öz cəzasını tapacaq. Hər bir halda Vətənimizə və bütün dünyaya sülh, əminamanlıq arzulayıram", - deyə N.Həsənov vurğulayıb.

Azvision.az

Teqlər: Deputat   Nurlan-Həsənov   Düşmən   Təxribat