Avropa İttifaqı Bakı ilə İrəvanı danışıqlara çağırdı

  13 İyul 2020    Oxunub : 3031
 Avropa İttifaqı Bakı ilə İrəvanı danışıqlara çağırdı
2020-ci il 12-13 iyul tarixində həm Ermənistan, həm də Azərbaycan tərəfi sərhəddə ağır silahların istifadəsi ilə ciddi insidentin baş verdiyini bəyan edib. Bu, təəssüf ki, insanların həyatını itirməsinə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.

Qeyd edilib ki, bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün öz mexanizmlərindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidir.

Diqqətə çatdırılıb ki, atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərait imkan verən kimi, ATƏT-in regionda monitorinqinin bərpa edilməsi vacibdir.

"Aİ tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağa, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırır", - deyə bəyanatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT-inMinskQrupu