Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür
  11 İyul 2020    Oxunub:3308
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun doğum günüdür.
Azvision.az xəbər verir ki, Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bir neçə ildən sonra valideynlərinin işi ilə əlaqədar Ağstafa rayonunun Köçvəlli kəndinə köçüblər. Kənd orta məktəbini bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verərək Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olub. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlib.

Ermənistanın torpaq iddiaları ilə Azərbaycana qarşı təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmaq üçün çox çalışsa da, yalnız 1992-ci ilin avqustunda Vətənə qayıda bilib. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi səylər göstərib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Naxçıvan kapitan R.Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir. Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edib, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.

1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənlərin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib.

O, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ağstafa şəhərində və ailəsinin yaşadığı paytaxt Bakıda adına küçələr var. Təhsil aldığı kənd orta məktəbi indi onun adını daşıyır.

Azvision.az


Teqlər: Milli-Qəhrəman   Şəhid  





Xəbər lenti