“Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə inamı öldürüb” - Nurlan Həsənov

“Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə inamı öldürüb” -  Nurlan Həsənov
  09 İyul 2020    Oxunub:5137
"Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu adlanan və əslində əsas işi münaqişənin sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli olan bir qurum var. Təəssüf ki, bu qurumun formalaşdırılmasından az qala 30 ilə yaxın müddət keçsə də, münaqişənin həlli istiqamətində əldə tutula bilən heç bir iş görə bilməyiblər".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputatın sözlərinə görə, bir çox beynəlxalq təşkilatlar, Avropa İttifaqı, BMT və s. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıq bəyanatlar versə də, ATƏT-in Minsk qrupu susur:

"Bölgədə silah, insan, narkotik alveri, ağıla gələ biləcək bütün qanunsuz işlər görülür. Bəs bunlar ədalətsizliyə niyə susur? Nədən, kimdən qorxub çəkinirlər? Təəssüf ki, heç kəsdə ATƏT-in Minsk qrupuna inam qalmayıb. Minsk qrupu hətta insanların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inamını öldürüb. Bu isə ciddi problemdir, çünki insanlarda artıq elə bir düşüncə yaranır ki, münaqişənin sülh yolu ilə həlli onsuz mümkün deyil. Yəni, müharibə qaçılmazdır. Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə imkan verməmək üçünmü yaradılıb?".

N.Həsənov qeyd edib ki, əgər dünya ictimaiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, səmərəli və işlək bir mexanizm tətbiq edilməlidir:

"Yaradılan yeni format münaqişənin həlli üçün beynəlxalq hüquq normaları çərçivəsində, ədalətsizliyə göz yummadan, qorxmadan, haqlının yanında və haqsızın qarşısında açıqca mövqe nümayiş etdirməyi bacarmalıdır. Yoxsa hər dəfə mənasız təkliflərlə, kimdənsə çəkinməklə, kiminsə siyasi maraqlarını əsas tutmaqla, ədalətsizliyə göz yummaqla, bir sözlə, Minsk qrupu ilə biz hələ ən azı daha 30 il gözləməli olarıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Nurlan-Həsənov  





Xəbər lenti