“Asan Xidmət” Azərbaycanın yeni brendidir - İnam Kərimovla MÜSAHİBƏ

“Asan Xidmət” Azərbaycanın yeni brendidir - İnam Kərimovla MÜSAHİBƏ
  17 Yanvar 2014    Oxunub:3804
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibə verib. AzVision.az həmin müsahibənin Azərbaycan dilinə tərcümə olunmuş variantını təqdim edir.

- Cənab Kərimov, yanvarın 15-də ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının bir ili tamam olur. Bizə, belə mərkəzlərin yaradılmasında əsas məqsədin nə olduğu barədə qısaca məlumat verərdinizmi?

- Azərbaycanda “ ASAN xidmət” mərkəzlərinin yaradılması, sosial-iqtisadi sahədə ölkəmizin qazandığı uğurların məntiqi nəticəsidir. Dövlət, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və sosial infranstrukturun inkişafına yönəldilmiş siyasət həyata keçirir. Prezident İlham Əliyevin söylədiyi kimi, dövlətimizin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşları dayanır.

“ASAN xidmət”-dövlətin vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində atdığı innovasion addımdır. Bu addım vətəndaşların rifahının yaxşılaşdırılması və insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən sistemli sosial islahatların tutarlı nümunəsidir.

“ASAN”-ın fəaliyyəti əsasən əhalinin ehtiyaclarını ödəməsi üçün şəraitin təmin edilməsinə, korrupsiyaya qarşı mübarizəyə, yeni texnologiyaların tətbiqinə, habelə dövlət qulluqçusu-vətəndaş münasibətlərində keyfiyyətcə yeni yanaşmanın formalaşdırılmasına yönəlib.

-“ASAN mərkəzlər” hansı xidmətləri göstərirlər?

-“ASAN xidmət” klassik vahid məkan prinsipinə əsaslan 9 dövlət orqanının 25 hüquqi xidmətini göstərdiyi qurumdur. Mərkəzlər, əlavə olaraq özəl şirkətlər və müəssisələrin 22 növ funksional dəstək xidmətlərini yerinə yetirir. Ümumilikdə isə “ASAN xidmət” mərkəzləri vətəndaşları 150 xidmət növü ilə təmin edir.

Əlavə xidmətlərin göstərilməsində məqsəd bir neçə məsələnin eyni vaxtda və vahid məkanda həll olunmasıdır. Bütün bunlar vətəndaşların xərclərinin azaldılmasını, vaxta qənaəti, eləcə də şəffaflığı və rahatlığı təmin edir.

Bundan başqa, 108 nömrəsinə zəng edib “ Çağırı mərkəzi” ilə əlaqə saxlayaraq göstərilən xidmətlərlə bağlı ətraflı məlumat əldə etmək olar. Qeyd etmək istərdim ki, Respublikanın istənilən regionundan stasionar telefonlardan 108 nömrəsinə zənglər ödənişsizdir. Bununla yanaşı, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumatları www.asan.gov.az internet səhifəsindən, eləcə də sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram) əldə etmək mümkündür.

Müxtəlif dövlət orqanlarının göstərdiyi xidmətlərin əhaliyə vahid məkandan təqdim olunması və müasir texnologiyalar vasitəsilə həyata keçirilməsi ideyasının özü «ASAN xidmət – xalqa xidmət” anlayışı ilə müəyyən olunur.

-Hazırda ölkə ərazisində neçə mərkəz fəaliyyət göstərir?

-Bir illik fəaliyyətimiz ərzində beş "ASAN xidmət" mərkəzi istifadəyə verilib. Onlardan üçü Bakıda, digər ikisi Sumqayıt və Gəncədə fəaliyyət göstərir.

Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın 2013-ci ilin yekunları və 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulmuş işlərə həsr olunmuş iclasında, dövlət başçısı tərəfindən daha bir neçə “ASAN xidmət” mərkəzinin açılması, eləcə də göstərilən xidmətlərin sayının artırılması barədə tapşırıq verilib.

Artıq fevral-mart ayları ərzində paytaxtın Sabunçu rayonunda da “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Bundan sonra Bakı sakinləri yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bizim xidmətlərdən faydalana bilər.

İqtisadi və coğrafi perspektivləri baxımdan böyük əhəmiyyət daşıyan regionlarda da yeni mərkəzlər açılacaq. 2014- cü ilin sonlarınadək “ASAN xidmət” şəbəkəsi bütün Respublika ərazisini əhatə edəcək. Beləliklə də yaşayış yeri ilə bağlı edilən müraciətlərin məhdudlaşdırılması aradan qaldırılacaq, vətəndaşlar onlara ən yaxın “ASAN xidmət” mərkəzinə müraciət edə biləcəklər.

Bir illik fəaliyyətimiz ərzində “ASAN xidmət” mərkəzlərinə 900 mindən çox vətəndaş müraciət edib, onlar bizim yüksək müasir standartlara uyğun olan xidmətlərimizdən yararlana biliblər. “ASAN xidmət” mərkəzləri gördüyü işlərlə özünü doğruldub və qısa vaxt ərzində vətəndaşların rəğbətini qazanıb. Xidmətlərdən yararlanan ölkə əhalisinin səsləndirdiyi müsbət fikirlər bunu sübut edir.

- “ASAN xidmət” mərkəzi olmayan rayonların əhalisinin xidmətlərlə təmin olunması məsələsi hazırkı mərhələdə necə həll olunur?

Dövlət başçısının göstərişinə əsasən "ASAN xidmət" mərkəzi olmayan regionlarda səyyar xidmətlər göstərilir. “ASAN səyyar xidmət” “ASAN” brendinin əsasını təşkil edən xidmətlərdəndir. Lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi avtobuslar vasitəsilə əhaliyə yerlərdə xidmət göstərilir. Bu təcrübə, özü-özlüyündə dövlət xidməti göstərilməsində unikal bir təcrübədir.

Qeyd edim ki "ASAN səyyar xidmət" çərçivəsində Respublikanın 37 rayonunda 60 minə yaxın insana xidmət göstərilib. Yaxın günlərdə paytaxtda yaşayan vətəndaşlara da səyyar xidmətlər göstərilməsi nəzərdə tutulub. Bu yolla, vətəndaşlar, öz yaşayış və ya iş yerini tərk etmədən qanunla müəyyən olunmuş xidmət haqqını ödəməklə ASAN-nın xidmətlərindən yararlana biləcəklər. Qeyd edim ki, səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün pulsuzdur. “ASAN səyyar xidmət” rahat olmağı ilə yanaşı dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin edir.

-"ASAN xidmət"in yaradılması “vətəndaş-məmur” münasibətlərində hansı dəyişikliklərə yadda qaldı?

Agentlik yarandığı gündən ona bəslənən ümidləri doğrulultmaqla, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində xeyli işlər görməklə, “vətəndaş-məmur” münasibətlərində müsbət dəyişikliklərə səbəb olub. Hüquqi xidmətlər daha operativ və keyfiyyətli formada göstərilir, əhalinin ehtiyacları yüksək səviyyədə təmin olunur. Dövlət orqanlarına etimad güclənir, dövlət qulluqçularının peşəkarlıq səviyyəsi, eləcə də bu sahədə institusional islahatların səmərəliliyi artır.

"ASAN xidmət" mərkəzlərinin yaradılması dövlət idarəçilik sistemində yeni mərhələ açdı. Bu, hətta yüksək bacarıq, peşəkarlıq və mədəniyyətə malik gənc dövlət qulluqçuları nəslinin yetişdirilməsinə təkan verdi.

-Sirr deyil ki, “ASAN” dövlət agentliyinin yaradılması nəinki ölkə daxilində, hətta xaricdə də böyük maraqla qarşılandı. Bunu nə ilə izah edə bilərsiniz?

Ötən ilin əvvəlindən başlayan fəaliyyəti çərçivəsində "ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsi sahəsində müsbət dəyişikliklər etməklə dönüş yaratdı. Mərkəzlərin “gənc” olmasına baxmayaraq, artıq təcrübəmizi bölüşmək istəyən ölkələr var və biz buna hazırıq, çünki “ASAN xidmət Azərbaycan məhsuludur, yəni Azərbaycan brendidir.

“ASAN” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, nüfuzlu KİV-lər, eləcə də beynəlxalq təşkilatlar "ASAN xidmət" təcrübəsini “Azərbaycan modeli” olaraq xüsusi təqdim edirlər.

İnterfax.az
Tərcumə : Səbinə Həsənova AzVision.az



Teqlər:  





Xəbər lenti