Deputat: “Bizdə vəziyyət Avropadan daha yaxşıdır”

  Deputat: “Bizdə vəziyyət Avropadan daha yaxşıdır”
  07 İyul 2020    Oxunub:3625
Azərbaycanda koronavirusla bağlı vəziyyət Avropanın inkişaf etmiş ölkələri ilə müqayisədə daha yaxşıdır.
Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa qarşı mübarizə yüksək səviyyədə həyata keçirilir.

"Aprel ayında inkişaf etmiş ölkələrdə vəziyyət kritik idi, hər gün minlərlə insan ölürdü. Həqiqətən də əvvəllər insanlarda elə təsəvvür yaranırdı ki, inkişaf etmiş ölkələrdə bütün xidmətlər ən yüksək səviyyədədir. Koronavirus dünyanın qaydalarını, təsəvvürlərini pozdu. Gözəgürünməyən virus sübut etdi ki, inkişaf, tərəqqi nisbi anlayışdır. Bu səbəbdən inkişaf etmiş ölkələrdə ciddi problemlərin şahidi olduq".

Deputat bildirib ki, ABŞ kimi dünyanın ən hegemon ölkəsində virusun kəskin yayılması və minlərlə insanın ölümü deyilənləri bir daha təsdiqləyir.

"Bu gün Azərbaycan əhalisinin sayına görə, böyük dövlətlər arasında deyil. Buna baxmayaraq, səhiyyə sahəsində dövlətimiz güclü infrastruktur bazası yaradıb. Dövlətin bütün resurları səfərbər edilib. May ayının sonlarından koronavirusa yoluxma halları artıb. Lakin bizim durumumuz yenə də müqayisə etdikdə çox yaxşıdır. Son günlər ciddi karantin rejimi nəticəsində xəstələnmə hallarında azalma müşahidə edilir. Bu gün nailiyyətlərimiz, uğurlarımızda ictimaiyyətin, insanların töhfəsinə ehtiyac var. Bütün dünyada belədir. Dövlətin koronavirusa qarşı nə qədər güclü mübarizə planı olsa da, əhali bu mübarizədə həmrəy olmasa, öz töhfəsini verməsə, qaydalara əməl etməsə, görülən işlərə kölgə salmış olarıq".

M.İbrahimqızı qeyd edib ki, hər bir vətəndaş sanitar-gigiyena qaydalara əməl etməli, maska taxmalı, sosial məsafəni saxlamalı və təmasları azaltmalıdır.

"Bəli, müəyyən problemlər var. Sosial şəbəkələrdə yazırlar ki, həkim, tibb bacısı azdır. Heç bir ölkə belə müharibəyə hazır deyildi. Bu müharibədə hər kəsin yolu ön cəbhədir. Düşmən də hər kəsin yanındadır. Özümüzü mümkün qədər qorumalı və mübarizədə həmrəylik nümayiş etdirməliyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Koronavirus  





Xəbər lenti