“Aprel döyüşlərini unutmayın!” mesajı: Müharibə variantı zərurətə çevrilir

     “Aprel döyüşlərini unutmayın!” mesajı:     Müharibə variantı zərurətə çevrilir
  07 İyul 2020    Oxunub:12129
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında verdiyi “Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyi, işğal edilən bütün torpaqların işğalçılardan azad ediləcəyi, Azərbaycan vətəndaşlarının öz dədə-baba torpaqlarına qayıtmalı olduğu” barədə bəyanat bir daha Azərbaycanın mövqeyində dəyişiklik olmadığını, danışıqlar prosesinin nəticələrindən ölkə rəhbərinin qətiyyən razı qalmadığını, həm də müharibə variantının artıq zərurətə çevrildiyinin göstəricisi hesab olunur.
Bunu Azvision.az -a açıqlamasında Ordu.az saytının hərbi eksperti Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, son günlər Azərbaycan Prezidenti, həm Müdafiə naziri, həm də XİN-in mətbuat xidmətinin mütəmadi olaraq müharibə ritorikası ilə bağlı çıxış etməsi, bu mövzuda cəmiyyətlə hakimiyyətin hər zamankı kimi həmfikir olduğunu göstərdi.

"Prezident İlham Əliyevin Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə olmaması, müqaviləni bir tərəfdən Qarabağlı və Şuşalı kimi İbrahim xan və digər tərəfdən Rusiya generalının imzalaması, bu müqavilədə Qarabağın “erməni xalqı” haqqında bir kəlmə belə işlədilməməsini qeyd etməsi ermənilər üçün növbəti tarix dərsi kimi dəyərləndirilə bilər.

Ölkə Prezidentinin Aprel döyüşlərini xatırlatması isə, Azərbaycan tərəfinin danışıqlara olan- qalan ümidinin bitməsi, prosesin süni və nəticəsiz olaraq uzadılmasına verilə biləcək reaksiyanın mümkün və real variantı kimi dəyərləndirilməlidir".

Ekspertin fikrincə, həm ATƏT, həm də Ermənistan tərəfi yaxşı anlayır ki, münaqişənin həlli ilə bağlı ATƏT formatında keçirilən mənasız danışıqlar, onun vasitəçi kimi birtərəfli mövqeyi, əslində susqunluğu, nəinki Azərbaycanı qane etmir, hətta bu məsələdə ümidlərimizin üstündən qara xətt çəkir. Buna görə də ölkə Prezidenti Aprel hadisələrini bir daha xatırladaraq, müharibənin qaçılmaz ola biləcəyini həm Ermənisan hakimiyyətinin, həm də buna göz yuman vasitəçilərin və aidiyyati qurumların nəzərinə çatdırıb.

"Davamlı olaraq “münaqişənin müharibə yolu ilə həlli olmadığını” bəyan edən ATƏT-i ən sərt tonda tənqid edən Prezident Əliyev bu qurumun BMT-dən yüksək qurum olmadığını, nizamnamələrini oxuyaraq hər bir ölkənin özünümüdafiə hüququna malik olduğunu öyrənməyə dəvət edib.

Nəticə etibarı ilə mövcud vəziyyətdə Azərbaycanın işğal altındakı torpaqlarının müharibə yolu ilə azad etməkdən başqa yolu qalmadığı barədə verilən bu bəyanat, Silahlı Qüvvələrimizi hissə və birliklərinin yüksək döyüş vəziyyətinə gətirilməsini, hər an torpaqlarımızın işğaldan azad edilməsinə hazır olmasını və bu müqəddəs vəzifələrinin icrası üçün bütün cəmiyyətin bir yumruq kimi birləşməsini tələb edir. 2016-cı ilin Aprelində olduğu kimi....", - deyə Ə.Verdiyev vurğulayıb.

Azvision.az


Teqlər: Qarabağ   Müharibə  





Xəbər lenti