Antisanitar şəraitdə işləyən kafe aşkarlandı

  06 İyul 2020    Oxunub : 1742
Antisanitar şəraitdə işləyən kafe aşkarlandı
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən keçirilən monitorinqlər zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən fiziki şəxs Nəsibov Rasim Həsən oğluna məxsus Qazax şəhəri, H.Əliyev prospekti, 170 B ünvanında yerləşən “Məkan” ictimai iaşə müəssisəsinə baxış keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydaların tələblərinə əməl olunmadığı, soyuducuda gündəlik istifadə olunan ərzaq məhsullarının mal qonşuluğu prinsipinə riayət edilmədən və temperatur rejimi gözlənilmədən saxlanıldığı müəyyən olunub. Eyni zamanda, gündəlik istifadə edilən qab və digər məişət avadanlıqlarının vaxtında təmizlənib dezinfeksiya edilmədiyi aşkarlanıb.

Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yuma və bişirilmə sahəsi eyni yerdə təşkil edildiyi üçün qidaların hazırlanması zamanı çarpaz çirklənmə riski artır.

Yoxlama zamanı Agentlik əməkdaşlarına müəssisədə çalışan işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmələri barədə müvafiq sənədlər təqdim edilməyib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Azvision.az

Teqlər: AQTA