“Qaydalara əməl edilsəydi, sərt karantinə ehtiyac olmazdı” - Deputat

  06 İyul 2020    Oxunub : 3355
 “Qaydalara əməl edilsəydi, sərt karantinə ehtiyac olmazdı” -  Deputat
Dünyanı bürümüş yeni növ koronavirus infeksiyası Azərbaycanda da özünü göstərməkdədir. ÜST koronavirusu pandemiya elan edəndə Azərbaycan bu virusa qarşı mübarizəyə qoşulan ilk ölkələrdən olub. Bu mübarizədə ilkin uğurlarımız çox yüksək olmuş, ÜST tərəfindən də dünya ölkələri üçün nümunə göstərilmişdi. Karantin rejiminin yumşalması insanlar arasında sərbəstlik, təmas yaratdı. Baxmayaraq ki, koronavirusa qarşı mübarizə davam etməli idi, telekanallarda, sosial şəbəkələrdə, KİV-də maarifləndirici reklamlar gedirdi, lakin insanlar karantin rejiminin qaydalarına riayət etmədilər.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, insanların məsuliyyətsizliyi, qaydalara əməl etməməsi koronavirusun geniş şəkildə həyatımıza ayaq açmasına imkan verdi.

“Dövlətimiz bütün resurslarını bu mübarizəyə səfərbər edib. Biz dünya praktikasında görürük ki, böyük iqtisadiyyatları olan ölkələr koronavirus qarşısında aciz duruma düşüb, səhiyyələri dözmür. Amma Azərbaycanda bu illər ərzində yaradılan səhiyyə infrastrukturu, ciddi personal mübarizədə uğurla iştirak edir və Azərbaycan xalqının sağlamlığının keşiyində durur. Yəni burada təkcə dövlətin addımları kifayət deyil, insanlar da yaxından iştirak etməlidir. Təəssüf ki, insanların məsuliyyətsiz yanaşması son günlərin dinamikasında yoluxanların sayının 500-ün üzərində olmasına gətirib çıxardı. Dövlətimiz yenidən sərt karantin rejiminin həyata keçirilməsini zəruri saydı və hazırda ciddi tədbirlər tətbiq olunur".

Deputat bildirib ki, əgər qaydalara əməl edilsəydi, təbii ki, sərt karantin rejiminin tətbiqinə, yenidən sərtləşdirilməsinə ehtiyac yaranmazdı.

"Biz öyrəşmişik ki, mütləq şəkildə dövlətin nəzarəti üstündə yaşayaq və öz düşüncəmizlə, şüurlu şəkildə tələblərə əməl etmirik. Operativ Qərargah hər günün dinamikasını analiz edir, təhlil edir və daha düzgün qərarlar qəbul edir. Əgər bu gün sərt karantin tədbirləri tətbiq olunursa, hamılıqla bu rejimə əməl edilməlidir. Qaydalara əməl edilməməsinə çalışılmamalıdır. Bu, yolverilməzdir. Hamı maska taxmalı, sosial məsafə gözləməli, gigiyenik tələblərə əməl etməlidir".

A.Badamov qeyd edib ki, ciddi şəkildə bu tələblərə riayət edilsə, tez bir zamanda həm sərt karantin rejimi ilə, həm də virusla vidalaşırıq.

"Biz bunu dünya praktikasında da görürük. Avropa ölkələrində, məsələn, Almaniya, qonşu Gürcüstanda insanlar karantin rejiminin tələblərinə şüurlu şəkildə əməl edirlər. Almaniyada 80 milyondan çox əhalinin olmasına baxmayaraq, orada yoluxmaların sayı çox aşağı həddə düşüb. Biz nizamlı, məsuliyyətli olmalıyıq. Hər birimiz öz sağlamlığımızı qorusaq, təbii ki, cəmiyyətimizi qorumuş oluruq. Dövlətin prioriteti insanların sağlamlığıdır. Bütün maliyyə resursları, iqtisadi imkanlar bu istiqamətə yönəldilib ki, elan olunmamış müharibəyə qarşı uğurlu mübarizə aparaq. Düşünürəm ki, 10-15 gündən sonra uğurlarımızın kifayət qədər yüksək olduğunu müşahidə edəcəyik".

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin   Koronavirus   Deputat