“Facebook” reklamsız qalır - 200-dən çox şirkət boykota qoşuldu

 “Facebook” reklamsız qalır  - 200-dən çox şirkət boykota qoşuldu
  04 İyul 2020    Oxunub:8580
Son günlərdə daha bir neçə şirkət - “Ford Motor”, “PepsiCo”, “Adidas”, “Starbucks”, “Diageo”, “HP” və digərləri “Facebook”da reklam boykotuna qoşulublar.
Azvision.az “Kommersant”a istinadən xəbər verir ki, “Facebook”un mövcud olduğu illər ərzində ilk dəfədir belə miqyasda, 200-dən çox şirkət və təşkilat etiraz aksiyasına qoşulub.

Son bir həftə ərzində “Facebook”un səhmləri təxminən 9% düşüb.

İki həftəyə yaxındır başlayan və ilk günlərdə demək olar ki, diqqətçəkməyən reklam boykotu son bir həftədə sürətlə artıb. Gündəlik onlarla şirkət, sosial şəbəkələrdə onların fikrincə, nifrət və düşmənçiliyi təşviq edən məzmunda paylaşımlara etiraz olaraq “Facebook” və “İnstagram”da reklamlarını bir ay və ya daha uzun müddətə dayandırdıqlarını bəyan ediblər.

İndi boykota qoşulan 200-dən çox şirkətin sayının artacağı istisna deyil. Çünki bəzi digər şirkətlərin bu kampaniyada iştirak barədə düşündükləri deyilir.

ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısı olan “Ford Motor” 30 gün ərzində Birləşmiş Ştatlarındakı bütün sosial platformalardan reklamlarını siləcəyini və sosial mediada nifrət, zorakılıq, irqi ədalətsizliyin kökündən aradan qaldırılmalı olduğunu bəyan edib.

İlin əvvəlindən bəri "Ford" şirkəti “Facebook”da reklam üçün 2,9 milyon dollar xərcləyib ki, son 30 gündə bu məbləğ 57 min dollar təşkil edib.

Adidas və Reebok da iyul ayında “Facebook”a reklam verməyəcək. Şirkətlər bildiriblər ki, "irqçilik, ayrıseçkilik və nifrət dolu məzmuna markamızda və cəmiyyətimizdə yeri yoxdur".

Bundan əlavə, “Diageo” iyul ayında ümumiyyətlə bütün sosial şəbəkələrdə reklam verməkdən imtina edib və tərəfdaşlarla uyğun olmayan məzmunda paylaşımlara qarşı mübarizə tədbirlərini müzakirə edəcəyinə söz verib.

"HP” şirkəti problemlə əlaqədar artıq narahatlığını ifadə etdiyini və reklam verməyi dayandırdığını bəyan edib.

2019-cu ildə "Facebook"da üçüncü ən böyük reklam müştərisi olan “Microsoft” (Home Depot və Walmart-dan sonra) may ayından “Facebook” və “İnstagram”da reklam verməkdən imtina edib, ancaq ilk olaraq reklam ABŞ-da dayandırılıb. Bu yaxınlarda şirkət imtinanı dünyanın bütün ölkələrindəki “Facebook” platformalarına aid edib. Şirkət reklamların nifrət hissi və ya terrorizmi dəstəkləyən məzmunlarla birlikdə ortaya çıxmasından ciddi narahatlığını ifadə edib.

Şirkət reklam boykotunun bir hissəsi olmadığını vurğulayır. Ancaq təkcə 2019-cu ildə “Microsoft”un “Facebook” reklamlarına 116 milyon dollar xərclədiyini nəzərə alsaq, onun reklam yerləşdirməkdən imtina etməsi sosial şəbəkə üçün olduqca böyük maddi itki sayıla bilər.

“Facebook”da reklam boykotu 17 iyun tarixində bir qrup nüfuzlu insan hüquqları təşkilatlarının təşəbbüsü ilə başlayıb. Kampaniya təşkilatçılarına görə, “Facebook”da nifrət, ədavət, yalan məzmunda paylaşımlara qarşı ədalətsiz siyasət yürüdülür.

Bundan əlavə, hüquq müdafiəçiləri sosial şəbəkənin zorakılıq qurbanlarına lazımi səviyyədə kömək etmədiyini və araşdırmalara əsasən, “Facebook” istifadəçilərinin 42% -nin təcavüz qurbanı olduğunu iddia ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Microsoft  





Xəbər lenti