​REACT-C19 layihəsində görülən işlərin hesabatı

  03 İyul 2020    Oxunub : 2228
​REACT-C19 layihəsində görülən işlərin hesabatı
Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsi 3 aylıq marafondan sonra Bakıda və regionlardakı seçilmiş xəstəxanalarda işini yekunlaşdırıb.
ÜST-ün Azərbaycandakı nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, hər biri 2 həftə davam edən və 4 mərhələdə həyata keçirilən layihə 5 bölgədəki - Bakı, Gəncə, Şəmkir, AğdaşGoranboy - 12 xəstəxananı əhatə edib. Layihə çərçivəsində COVID-19 laboratoriya nəticələrinin təfsiri, COVID-19-lu ağır xəstələrin idarə edilməsi daxil olmaqla, müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak sayı 1185 olub. 5 xəstəxanada infeksiyaya nəzarət komitələrinin yaradılmasına dəstək göstərilib, digər xəstəxanaların eyni təcrübədən istifadə etməsi üçün nümunə yaradılıb.

Xəstəxanaların monitorinqi və qiymətləndirilməsinin tərkib hissəsi kimi tətbiq olunan ÜST-nin Xəstəxana Hazırlıq Siyahısı nəticəsində layihənin həyata keçirildiyi əksər xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin gücləndirilməsi, xəstələrin idarə olunması, nəzarət və hadisələrin idarə edilməsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Çətinliklər və təkmilləşdirmə yolundakı maneələr tövsiyələrlə birlikdə rəsmi qurumlara təqdim edilib.

12 xəstəxanada COVID-19-a qarşı hazırlığı dəstəkləməklə yanaşı, Yeni Klinikanın daxilində Təlim Mərkəzi də yaradılıb. 12-30 iyun tarixləri arasında 119 tibb işçisi bu Mərkəzdə “COVID-19-dan qorunmağın üsulları” mövzusunda təlimlərdə iştirak edib.

REACT-C19 layihəsi nəticəsində ÜST, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu kimi digər qurumlar arasında əməkdaşlıq gücləndirilib, məqsədyönlü təlimlər vasitəsilə insan resursları potensialı artırılıb.

Layihə yekunlaşsa da, orada iştirak edən konsultant-həkimlərin bir çoxu ölkəyə dəstəyi davam etdirmək üçün bir müddət daha Azərbaycanda qalmaq qərarına gəliblər.

Azvision.az

Teqlər: ÜST   REACT