1 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

 1 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
  03 İyul 2020    Oxunub:1594
Cari ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2435 fakt aşkar edilib ki, onlardan 918-i narkotik vasitələrin qanunsuz satışı, 1402-si qanunsuz əldə edilib saxlanılması, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 35-i isə digər cinayətlərlə bağlı olub.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda qeyd olunub.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 364 kq 100,2 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 151,8 qramını marixuana (24,6%), 160 kq 694,7 qramını tiryək (11,8%), 753 kq 388,1 qramını heroin (55,3%), 18 kq 877,6 qramını həşiş (1,4%), 94 kq 594,4 qramını psixotrop maddələr və digərləri (6,9%) təşkil edib.

Aidiyyəti qurumlar tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə yaş kütləsi 15 ton 263 kq olan 54 min 537 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkar edilərək müvafiq qaydada məhv edilib. Yaş kütləsi 491 kq 300 qr çətənə, 1 kq 700 qr xaş-xaş narkotik tərkibli bitkiləri narkotik xassəli çətənə və xaş-xaş bitkiləri müəyyən edilərək prosessual tədbirlər görülməsi üçün istintaq orqanlarına verilib.

Cinayət məsuliyyətinə 1435 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaş 122 nəfər, 26-29 yaş 250 nəfər, 30 yaşdan yuxarı isə 1059 nəfər təşkil edir. Məsuliyyətə cəlb olunanlardan 54 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 2-si kənd təsərrüfatı işçisi, 395-i əvəllər cinayət törətmişlər, 7-si əvvəllər xüsusi qeydiyyatda olan, 961-i işləməyən, 1398-i kişilər, 37-si qadın, 42 nəfəri xarici ölkə vətəndaşı olub. Əcnəbilərdən 25-i İran İslam Respublikası, 10-u Rusiya Federasiyası, 6-sı Gürcüstan və 1-i isə Pakistanın vətəndaşıdır.

Ümumulikdə hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kq müxtəlif növ narkotik vasitələr çıxarılıb. Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 178-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kq narkotik vasitə və 43 kq psixotrop maddə müsadirə edilib.

Eyni zamanda, qanunsuz dövriyyədən çıxarılmış 1 ton 364 kq 100,2 qr narkotik vasitənin 336 kiloqramını (24,6%) yüngül təsirə malik olan marixuana təşkil edib.

Təhlil göstərir ki, cari ilin 5 ayı ərzində qeydiyyata alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 325 fakt, qanunsuz döriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 54,7 kq,qrup şəklində törədilmiş cinayətlərin sayı 65 fakt, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 147 fakt,məsuliyyətə cəlb edilən şəxslərin sayı 234 nəfər artıb, lakin məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 43 nəfər, qaçaqmalçılıq ilə bağlı qeydə alınmış cinayətlərin sayı 49 fakt azalıb.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti